...

Azərbaycanda iki mindən çox qəzet fəaliyyət göstərmir - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 17 Sentyabr 2009 13:27 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası uzun müddətdir fəaliyyət göstərməyən qəzetlərin qeydiyyatını ləğv etdirmək niyyətindən vaz keçməyəcək.
Azərbaycanda iki mindən çox qəzet fəaliyyət göstərmir - Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Mətbuat Şurası uzun müddətdir fəaliyyət göstərməyən qəzetlərin qeydiyyatını ləğv etdirmək üçün lazımi tədbirləri həyata keçirir.

"Azərbaycanda iki mindən çox qəzet fəaliyyət göstərmir. Belə qəzetlərin əksəriyyəti "reketliklə" məşğul olur, bizim əsas məqsədimiz isə mətbuatla ictimaiyyət arasında münasibətlərin tənzimlənməsidir", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, şuraya daxil olan şikayətlərin əksəriyyəti artıq uzun müddətdir fəaliyyət göstərməyən qəzetlərlə bağlıdır.

"7-8 il bundan öncə qəzetlər qeydiyyatdan keçsə də, indi çap olunmayan, lakin həmin qəzetlərin vəsiqələri ilə reketliklə məşğul olan saysız-hesabsız özünü jurnalist adlandıran adam var. İnsanlara hədə-qorxu gəlmək, böhtan atmaq, şantaj etməklə pul tələb edən belə qəzetlərin qeydiyyatı mütləq ləğv olunmalıdır", - şura sədri əlavə edib.

Onun fikrincə, bu cinayət tərkibli əməl olsa da, şura belə faktları araşdırıb müvafiq qurumlara müraciət etməyə borcludur.

"Bizim monitorinq aparmağımızın da əsas səbəbi həmin qəzetləri müəyyənləşdirməkdir. Məlum olur ki, çox sayda qəzet qeydiyyatdan hətta 9-10 il əvvəl keçsə də, nəinki ayda, heç olmasa ildə bir dəfə çap olunmur, amma bir qrup jurnalist həmin qəzetlərin əməkdaşları kimi reketliklə məşğuldur", - Amaşov vurğulayıb.

Şura sədri deyib ki, monitorinqin nəticələri artıq Ədliyyə Nazirliyinə təqdim edilib. "Əlbəttə, nə Mətbuat Şurası, nə də nazirlik həmin nəşrlərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar çıxarmaq səlahiyyətində deyil. Amma bu hərc-mərcliyin qarşısını məhkəmələr vasitəsilə almaq olar. Həmin siyahı tam dəqiqləşdikdən sonra biz müvafiq məhkəmələrə müraciət edəcəyik", - Amaşov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti