Azərbaycanda hazırlanan "Xocalıya Ədalət" rep mahnısının yaradıcı heyəti ABŞ, Avropa və İKT ölkələri parlamentarilərinə müraciət imzalayıb (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2010 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda hazırlanan "Xocalıya Ədalət" rep mahnısının yaradıcı heyəti ABŞ, Avropa və İKT ölkələri parlamentarilərinə müraciət imzalayıb.

"Xocalıya ədalət" rep mahnısının hazırlanmasında məqsəd ermənilərin Xocalıda törətdikləri soyqırımla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır", - bazar ertəsi Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

İsgəndərovun sözlərinə görə, məşhur amerikalı aranjimançı Qordon Uilyams ABŞ-ın sosial mövzularda yaradıcılığı ilə tanınan rep ifaçısı Toni Bləkmən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində ABŞ Prezidentinə, Konqresə Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınmasını tələb edən müraciət imzalayıblar.

"Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 2008-ci ilin mayında İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib. Bu kampaniya 2009-cu ilin fevralında dünyanın 20-dən artıq ölkəsinin paytaxtında təqdim edilərək, il ərzində uğurla həyata keçirilib", - o əlavə edib.

İsgəndərov deyib ki, bu il fevralın 26-da kampaniyanın bir il ərzində fəaliyyəti ilə bərabər dünyanın 30-a yaxın ölkəsinin paytaxtında Xocalı qətliamının tanınmasına yönələn aksiyaların keçirilməsi nəzərdə tutulur. "Tədbirlər zamanı hazırlanacaq "Xocalıya Ədalət" rep üslublu mahnının təqdimatı da keçiriləcək. Mahnının aranjimançısı Qordon Uilyamsdır", - baş katib vurğulayıb.

O qeyd edib ki, klipin çəkilişləri hazırda Bakıda davam etdirilir.

"Klipin çəkilişləri Şəhidlər Xiyabanında, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə aparılacaq. Yaradıcı heyətin Xocalı soyqırımının iştirakçıları ilə görüşməsi və həmin kadrlardan klipdə istifadə edilməsi də nəzərdə tutulur", - İsgəndərov xatırladıb.

Onun sözlərinə görə, mahnı Toni Bləkmən və Azərbaycanın tanınmış rep qrupu "Dəyirman" tərəfindən ifa edilib.

"Bləkmən 2009-cu ilin noyabr ayında Bakıda kampaniyanın milli koordinatorlarının görüşündə iştirak edib və Azərbaycan xalqına qarşı törədilmiş bu misilsiz ədalətsizlik haqqında məlumatlarla tanış olduqdan sonra Xocalı qətliamı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərməyə qərar verib. Görüş zamanı kampaniyanın təşəbbüskarı Leyla Əliyeva ifaçını Azərbaycana bir daha səfər etməyə və milli ifaçılarla birgə "Xocalıya Ədalət" kampaniyasına yaradıcı üslubda dəstək verməyə dəvət edib. Əliyevanın dəstəyini məmnuniyyətlə qəbul edən amerikalı ifaçı tanınmış aranjimançı Qordon Uilyamsla Bakıya səfər edərək kampaniya ilə bağlı özünün bəstələdiyi mahnını təqdim edib", - baş katib bildirib.

"Mən Xocalıda soyqırım törədilməsini eşitmişdim, amma bu hadisə haqqında ötən il Bakıya səfərim zamanı ətraflı məlumat ala bildim", - tədbirdə çıxış edən Toni Bləkmən bildirib.

Onun fikrincə, bu soyqırımla bağlı dünya ictimaiyyətinə daha ətraflı məlumat çatdırmaq mümkün olacaq. "Mən buna görə "Xocalıya Ədalət" rep mahnısının yazılmasında və klipin çəkilişlərində iştirak edirəm", - ifaçılardan biri xatırladıb.

Bləkmən deyib ki, Xocalıda insanlığa qarşı vəhşilik baş verib. "Belə hadisələr Afrikada olub. Amma bu regionda belə hadisənin baş verməsi ağlıma belə gəlmirdi", - o vurğulayıb.

İsgəndərovun sözlərinə görə, klipin yaradıcı heyətinin imzaladığı müraciət ABŞ konqresmenlərindən əlavə, Avropanın və İslam Konfransı Təşkilatına üzv olan ölkələrin parlamentarilərinə da ünvanlanacaq. "Biz istəyirik ki, deputatlar həm fərdi qaydada, həm də öz parlamentləri səviyyəsində Xocalıda insanlığa qarşı ermənilərin cinayət törətdiklərini tanısınlar", - baş katib qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti