...

Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin musiqi albomunu nəşr edib

Cəmiyyət Materials 5 Fevral 2010 16:59 (UTC +04:00)
Azərbaycan mədəniyyətinin inkişafına xüsusi dəstək göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib.
Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin musiqi albomunu nəşr edib

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Ağayeva/

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi dəstək göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib.

Yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmış nəşr xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən albom və üç kompakt diskdən ibarətdir.

Albomda musiqi tariximizdə öz yeri olan Ağaxan Abdullayevin uşaqlıq və gənclik illərindən, muğam dünyası ilə ilkin tanışlığın ömürlük məhəbbət tarixçəsinə çevrilməsindən söhbət açılır.

Böyük vurğunluqla dinlədiyi ustad sənətkarların aşıladığı muğam sevgisi vaxtilə gənc Ağaxanın həyatında böyük rol oynayıb.

Peşəkar sənətə yönələn yol Asəf Zeynallı adına musiqi məktəbindən, ustadların unudulmaz dərslərindən keçib. Azərbaycan muğamının bənzərsiz gözəlliyi ömrü boyu onu öz cazibəsində saxlayıb.

Nəşrdəki üç kompakt diskdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında "Rast" dəsgahı, "Bayatı-kürd", "Zabul segah", "Rahab", "Bayatı-Qacar" muğamı, "Humayun" təsnifi və xalq mahnıları toplanıb.

Heydər Əliyev Fondunun Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində təqdim etdiyi yeni musiqi albomunu növbəti uğurlu layihə kimi dəyərləndirmək olar.

Fond indiyədək "Qarabağ xanəndələri", "Muğam aləmi" musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış "Azərbaycan muğamı" multimedia toplusu, muğam ustadlarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin və tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları nəşr edıb.

Xəbər lenti

Xəbər lenti