Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Hacıyev/
İnsanları kosmopolitə çevirən, milli dəyərlərdən uzaqlaşdıran ideyaların qarşısını almaq üçün "İnformasiya-psixoloji təhlükəsizlik haqqında" qanuna ehtiyac var. Trend -un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova bildirib.
"Bu gün Azərbaycan cəmiyyəti insanların düşüncəsinə ötürülən və sonradan insanın düşüncə tərzini dəyişdirən müxtəlif informasiya viruslarına məruz qalır. Qloballaşan dünyada insanları kosmopolitə çevirən, milli dəyərlərdən uzaqlaşdıran ideyaların qarşısını almaq üçün "İnformasiya-psixoloji təhlükəsizlik haqqında" qanuna ehtiyac var. Dünyanın 32 ölkəsində bu cür qanun var və Azərbaycan üçün bu oluqca vacib məsələdir", - Aslanova əlavə edib.
Deputat bu qanunun hazırlanıb qəbulu ilə bağlı təklif irəli sürdüyünü və hazırda onun üzərində komissiyanın çalışdığını bildirib.
"Biz müxtəlif dövlətlərdə mövcud olan bu qanunlardan istifadə edirik", - deputat deyib.