Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Tbilisi şəhərində sentyabrın 23-24-də "İnsan hüquqlarının müdafiəsində Ombudsman İnstitutunun rolu və təsiri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Bu barədə çərşənbə günü Ombudsman Aparatı mətbuat xidmətindən məlumat verilib.
Konfransda təqdimatlar dinləniləcək, iştirakçılar ombudsman təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsini öyrənəcək, fikir və məlumat mübadiləsi aparacaq, təklif və mülahizələrini söyləyəcəklər.
Süleymanova dörd sessiyadan ibarət konfransın "Ombudsmanın təsir imkanları: müsbət təcrübə və effektiv fəaliyyət" adlı üçüncü sessiyasının moderatoru olacaq. O, "Azərbaycanda ombudsman təsisatı: yeniliklər və müsbət təcrübə" mövzusunda çıxış edəcək.