RED: əlavəsi: Fotoşəkillər əlavə olunub
Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanlı jurnalistlər Türkiyə mediasının təcrübəsini öyrənirlər.
Bu məqsədlə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi qardaş Türkiyə Cümhuriyyətinə səfər edib. KİVDF mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, media mənsubları İstanbul şəhərindəki Heydər Əliyev adına Parkda Ümummilli Liderin büstünü ziyarət ediblər. Ziyarətdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da iştirak edib.
Sonra nümayəndə heyəti səfər proqramı çərçivəsində "Star" qəzetinin redaksiyası ilə tanış olub. Azərbaycanın nüfuzlu qəzet redaktorları və jurnalist qurum rəhbərlərindən ibarət olan heyəti "Star" qəzetinin məsləhətçisi İbrahim Kiras qarşılayıb və qəzetin yaranma tarixi, fəaliyyəti, Türkiyə mətbuatı haqqında ətraflı məlumat verib. Azərbaycan Prezidenti yanında KİVDF-nin icracı-direktoru Vüqar Səfərli səmimi qəbul üçün nümayəndə heyəti adından təşəkkür edib. Bildirib ki, bu, fondun təşkilatçılığı ilə jurnalist qrupun xarici ölkəyə ilk səfəridir və bu səfər məhz qardaş Türkiyədən başlayıb. Məqsəd isə Türkiyə qəzetçilərinin, ümumiyyətlə, mediasının təcrübəsini öyrənmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələrini Azərbaycana dəvət edib, qarşılıqlı əməkdaşlığl gücləndirməkdir.
Sonra Vüqar Səfərli fondun birillik fəaliyyəti haqqında məlumat verərək, qurumun KİV-in inkişafına göstərdiyi xidmətlərdən danışıb. Nümayəndə heyəti "Zaman-media" qrupu ilə də görüşüb, onların iş şəraiti, gündəlik fəaliyyəti, iş prinsipləri ilə tanış olub. "Cihan" informasiya agentliyinin baş direktoru Abdulhamit Bilici ilə görüşən nümayəndə heyətinə informasiya agentliyi, agentliyin iş üslubu, strukturu haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Baş Bakanlık yanında Mətbuat və İnformasiya İdarəsinin İstanbul şöbəsinin yetkilisi Nəciməttin Altunbasla görüşüb.
Səfər proqramı çərçivəsində Qəzetçilər və Yazarlar Fondunda "dəyirmi masa" da keçirilib. Tədbirdə Azərbaycan ilə Türkiyə əlaqələrinin inkişafında KİV-in görə biləcəyi işlərin, medianın üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb. Tədbirdə hər iki ölkənin media mənsublarının əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflər müzakirə edilib.
Azərbaycan KİV nümayəndə heyətinin İstanbuldakı görüşləri oktyabrın 28-dək davam edəcək.