Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ali Məhkəmənin hakimi həbsin seçilməsi ilə bağlı məhkəmələrin prokurorluqdan asılılığını absurd sayır.
"Məhkəmənin şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə qərarı onun azadlığa buraxılması üçün əsasdır", - Trend-in məlumatına görə, Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev Ümumməhkəmə Hakimlərinin İctimai Birliyinin şənbə günü keçirilən iclasında həbs qətimkan tədbiri ilə bağlı məhkəmələrin təcrübədə yol verdiyi pozuntular barədə çıxışında deyib.
İbayevin sözlərinə görə, həbs seçilməsi barədə imtina qərarından prokurorluğun protest verməsi üçün qanunda 7 sutkalıq müddətin verilməsi və bu müddət ərzində şəxsin həbsdə saxlanılması Avropa Konvensiyasına uyğun deyil.
"Əgər şəxs barəsində prosessual məcburiyyət tədbirlərinin seçilməsi məhkəmənin səlahiyyətində olan məsələdirsə, məhkəmələr həbs seçilməsi barədə imtina qərarı qəbul edirsə, bundan sonra şəxsin 7 sutka həbsdə saxlanılması Konvensiyaya ziddir", - Ali Məhkəmənin hakimi vurğulayıb.
İbayev hakimlərə bu məsələ ilə bağlı qərarlar qəbul edərkən ehtiyatlı olmağı tövsiyə edib və bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət verilərsə, qanunun bu müddəası Azərbaycanın ziyanına işləyə bilər.
İbayev qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliklərə zərurət olduğunu deyib.
Ali Məhkəmənin Plenumu ötən il son iclasında 2008-ci ildə Bakı və Sumqayıt şəhər məhkəmələrində qətimkan tədbirləri ilə əlaqədar baxılan işlərin ümumiləşdirməsi ilə bağlı müzakirə aparıb. Müzakirələr nəticəsində bu sahədə ciddi pozuntular olduğu müəyyənləşib. Ali Məhkəmə qətimkan tədbirləri ilə bağlı işlərə baxarkən məhkəmələrin diqqətli olması və qərarların əsaslandırılması ilə bağlı qərar qəbul edib.
Həmçinin, belə pozuntulara yol verən hakimlər Məhkəmə-Hüquq Şurası tərəfindən intizam qaydasında cəzalandırılıb, bir neçə hakimin isə səlahiyyətinə xitam verilib.