...

Azərbaycanın təhsil naziri pedaqoji işçilərin dərs yükü normalarının müəyyənləşdirilməsi ilə bağlı əmr imzalayıb

Cəmiyyət Materials 9 Fevral 2011 13:07 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov pedaqoji işçilərin dərs yükü normalarının müəyyən edilməsi ilə bağlı əmr imzalayıb. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycanın təhsil naziri pedaqoji işçilərin dərs yükü normalarının müəyyənləşdirilməsi ilə bağlı əmr imzalayıb

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov pedaqoji işçilərin dərs yükü normalarının müəyyən edilməsi ilə bağlı əmr imzalayıb. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, cari tədris ilinin sonuna qədər həftəlik dərs yükü 2 stavkadan çox olan müəllimlərin artıq tədris etdikləri dərs saatları mövcud imkanlar daxilində 2 stavkanı aşmamaq şərti ilə müvafiq qaydada digər fənn müəllimləri arasında bölüşdürüləcək.

Təhsil nazirinin imzaladığı əmrdə qeyd olunub ki, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, ilk peşə-ixtisas təhsili müəssisələrində, idman və incəsənət məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində iki stavkadan artıq dərs yükü olan müəllimlərin və dərnək rəhbərlərinin həftəlik 2 stavkadan çox dərs saatları üzrə əməkhaqqı cari tədris ilində mövcud qaydalara uyğun olaraq, əvəzçilik və ya saathesabı qaydasında ödəniləcək.

Əmr Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli qərarının icrası ilə əlaqədar imzalanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır), ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti