Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda 1988-ci ilinin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, vəkil Aslan İsmayılovun müəllifi olduğu "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kimi" kitabı Azərbaycan, rus, ingilis və türk dillərində çap olunub.
Mərasimdə çıxış edən müəllif bildirib ki, o, Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Sumqayıt hadisələri ilə bağlı Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olub.
İsmayılov qeyd edib ki, cinayət işi, arxiv materialları və iştirakçısı olduğu hadisələr əsasında yazılan kitabda SSRİ rəhbərlərinin və erməni millətçilərinin tutduğu mövqe əksini tapıb.
Onun sözlərinə görə, ermənilər heç vaxt azərbaycanlıları bu cinayət işinin qərəzli aparılmasında ittiham edə bilməzlər. Ona görə ki, bu cinayət işinin istintaqını, əməliyyatını aparanlar Rusiya, Ukrayna və Belarus müstəntiqləri olub.
"Onlar sübuta yetiriblər ki, cinayəti təşkil edən SSRİ rəhbərliyidir, Sumqayıt hadisələrinə başçılıq edən isə milliyyətcə erməni olan Eduard Qriqoryandır", - müəllif deyib.
Cinayət işinin araşdırmasının əsasını təşkil edən üzləşdirmə mərhələsi istintaqı aparan müstəntiq Kolinçenka tərəfindən Yerevanda Ermənistan prokurorluğunda aparılıb.
"Zərərçəkənlər Mercumyan bacıları və digərləri Yerevanda olublar. Onlar Qriqoryanı tanıyıb və hadisələrin təşkilatçısının o olduğunu deyiblər", - vəkil deyib.
İsmayılov Sumqayıtda ermənilərə qarşı cinayətlərin törədilməsinə rəhbərlik edən erməni Eduard Qriqoryan barədə dəqiq məlumatların olduğunu söyləyib.
Vəkil bildirib ki, hadisələrdən sonra Mixail Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib.
"Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsi ilə nəticələndi. İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilsə də, ona 12 il, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarıldı. Məhkəmədən az sonra Əhməd Əhmədov Moskvada güllələndi", - müəllif deyib.
O, qeyd edib ki, saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çeviriblər.
"Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxmışdı. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi ", İsmayılov vurğulayıb.
O, qeyd edib ki, Qarabağda sonradan baş verən hadisələrin özülü Sumqayıtda qoyulmuşdu və vahid bir planın tərkib hissəsiydi.
Mərasimdə /www.sumqayit1988.com/ saytının təqdimatı da keçirilib.
Təqdimat mərasimində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllənib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.