...

Azərbaycanda nikah müqaviləsinin məcburiliyinə aydınlıq gətirilib

Cəmiyyət Materials 17 Mart 2011 12:56 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə quran tərəflərin nikah müqaviləsi barədə məlumatlandırılmasının VVAQ şöbələrinin üzərinə vəzifə kimi qoyulmasını zəruri hesab edir.
Azərbaycanda nikah müqaviləsinin məcburiliyinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə quran tərəflərin nikah müqaviləsi barədə məlumatlandırılmasının VVAQ şöbələrinin üzərinə vəzifə kimi qoyulmasını zəruri hesab edir.

"Komitənin təklifi belədir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinin nümayəndəsi nikah üçün müraciət edildikdə tərəflərə müqavilənin bağlanmasını mütləq tövsiyə etməli, müqavilənin mahiyyəti barədə onları məlumatlandırmalıdır", - Komitənin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib.

Dövlət Komitəsinin sədr müavini nikah müqaviləsinin məcburi bağlanılması fikrini məqbul hesab etməyərək bildirib ki, məcburilik mülkiyyət hüququna və müqavilə azadlığına kölgə salır.

O hesab edir ki, maarifləndirmə işinin aparılması ilə ailə quran tərəfləri könüllü nikah müqaviləsi bağlamağa istiqamətləndirmək mümkündür.

Sofiyeva qeyd edib ki, Azərbaycanda nikah müqaviləsinin bağlanılması zərurətini yaradan reallıq var.

"Azərbaycanda bu sahədə problem var. Komitəyə müraciət edənlərin 1/3-i bu istiqamətdə yaranan problemlərin həllində dövlətdən dəstək istəyir. Nikah pozulan zaman əmlak mübahisəsi nəticəsində ən çox zərər çəkən qadınlar və uşaqlar olur. Gənclər sevib ailə qururlar, amma insan xarakterini müəyyənləşdirmək olmur. Qadın hətta uşaq doğulandan sonra çox rahatlıqla evdən çıxarıla bilir. Bəzən qadının valideynləri də onu qəbul etmir və o, uşağı ilə birgə ortada qalır", - Sofiyeva deyib.

Komitə rəsmisi qeyd edib ki, məhkum qadınların törətdiyi cinayətlərin əksəriyyəti əmlak mübahisələri və məişət zorakılığı zəminində baş verib.

Nikah müqaviləsinin bağlanılmasının mentalitetəzidd olması iddiasını qəbul etməyən sədr müavini bunun süni şəkildə yaradıldığını deyib. O qeyd edib ki, qədim zamanlardan Azərbaycanda nikaha girənlər arasında nikah müqavilələrinə bənzər razılaşmalar olub.

"Bu gün də respublikanın bəzi bölgələrində bu adətlər qalıb. Belə ki, ağsaqqallar toyqabağı cehizin, qıza gətirilən qızıl-zinyət əşyalarının siyahısını tutur və imzalayırlar. Əvvəl kişi sözü ilə bu problem həll olunurdu. Bu gün hüquqi dövlətdə yaşayırıqsa, həmin ağsaqqallar, valideynlər bu məsələni həll etməli və aralarındakı razılaşmanı müqavilə şəklində müvafiq orqanlarda təsdiqləməlidirlər. Bu da gənclərin gələcəyinin sığortalanması deməkdir. Xüsusın də qızı olan analar bununla bağlı narahatlıq keçirməlidirlər", - Sofiyeva bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi qadın və uşaqların hüquqlarının qorunması istiqamətində bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti