Səmayə T.
Bilirsiniz, bəzən öz-özümə çox düşünürəm. Olanları, keçənləri, məni incidənləri, sevinc bəxş edənləri. Həyatımda iz qoyub gedənləri. Bəzən simamda kədər, bəzən sevinc olur. Bəzən sual. Cavabını tapa bilmədiyim sualların qarşısında aciz qaldığım anlar da olur. Artıq bir neçə gündür ki, daha doğrusu, "Eurovision" müsabiqəsini qazandığımız gündən öz-özümə ancaq bir sualı verirəm: "Yəni biz sevinməyi və ya kədərlənməyi heç bacarmırıq? Yəni ortaq məxrəc deyilən anlayış bizim xalqa məxsus xüsusiyyət deyil?"
"Eurovision" müsabiqəsi bizi ürəkdən sevindirdi. Bizi bir etdi, vahid etdi. Hər kəsi bir araya topladı. Sevinc göz yaşlarını yaşatdı. Qürur bəxş etdi. Ürəklə "Mən. Mənim. Azərbaycanım" kəlməsini dilə gətirtdi.
Amma, burada da bizim bir mənfi keyfiyyətimiz üzə çıxdı. Davranış ipimizi əlimizdən verməyimiz. Təbii ki, hər şeyi açıq şəkildə yazmayacağam. Bilən bilir, görən görüb. Amma bir məsələnı yazım. Yolun sağına-soluna baxmayan sürücülər sevinmək istəyən digər şəhər sakinlərinin həyatını təhlükəyə atıb, az qala sevinclərini yarı yolda qoyacaqdılar. Amma kim nə bilir, bəlkə də o gecə neçə insanın sevinci qəmə çevrilib.
"Eurovision" qaliblərinin hava limanında qarşılanma gecəsi mən də orada idim. Yol boyu maşınlar bir-birinin ardınca düzülmüşdü. Oxuyan kim, oynayan kim. Uca səslə "Azərbaycan" deyən kim. Qarşılanmanın mətbuatda işıqlandırılması məqsədi ilə gecə saat 03:00 radələrində hava limanına yollandım. Mən "Eurovision" qaliblərinin qarşılanma gecəsi kütlənin nə qədər nəzarətdən çıxdığını gördüm. Hava limanına girmək üçün insanlar şüşələri belə qırmağa razı idilər. Orada çalışanların "Ay camaat təyyarəyə gecikənlər var. Heç olmasa onlara yol verin" deməsi heç kəsin vecinə deyildi. O an kim isə ayaqlar altında qalsa idi belə, ona yardım əli uzadann tapılmayacaqdı. Çünki o gecə heç kəs öz ayağının altını görmürdü. İnsanlardan bu cür davranışın səbəbi nədir, deyə soruşsaydınız, inanın ki, veriləcək cavabları yox idi. Amma bütün bunları ümumi sevinc hissi ilə əlaqələndirib, qoyaq bir kənara.
Mən başqa bir mövzunu qabartmaq istəyirəm. Haqqında yazmağa hazırlaşdığım mövzunun kökləri bu mövzunu mənə təqdim edən insanın əsəbi və bir sözlə hər kəsdən "ay camaat, nə baş verir?" soruşmasını eşitməyim oldu. Qəzəb, təəccüb və lap dərinə getsək, bəlkə də nifrət. Düzü nifrət etməyi bacarmıram desəm, tam səmimiyyətimə inana bilərsiniz. Mənim üçün bu həyatda varlığı ilə dəyərli olan və ümumiyyətlə, mövcud olmayan insanlar var. Amma haqqında yazacağım mövzunun sahiblərini heyflər olsun ki, tanımıram. Tanısam belə, onların mövcudluğuna göz yummaq çox çətin olacaq.
Bir müddət bundan öncə Azərbaycanımızın Avstriyadakı səfirliyinin birinci katibi Vüqar İmaməliyev mənə bir link göndərdi. Dedi ki, Səmayə xanım, baxın görün, nələr baş verir. Vüqar müəllim çox əsəbi idi. Düzü linki açanda "Facebook"da yaradılmış bu səhifənin şokuna düşdüm. Hətta bir az anlamadım da. Necə yəni, "Eurovision 2012"-də turist qız "tutmaq" istəyənlər?
Bir sıra hallarda bəzi gənclərin ağılsız, heç bir məntiqə sığmayan, kimə isə, nəyə isə güvənib atdıqları düşüncəsiz hərəkətlərinə rast gəlirik. Bu halda nəyi isə dəyişə bilməyəcəyimizi bilib, bütün olanlara göz yumuruq. Amma yaradılan bu səhifəyə göz yummaq ən azından alçaqlıq sayıla bilər. "Eurovision" Azərbaycana gələnə qədər bizim azərbaycanlı qız və gəlinlərimiz müsabiqənin keçirildiyi ölkələrdə olublar. Hər dəfə də Vətənə qayıdanda digər ölkənin mədəniyyəti, insanların müsbət mənada davranışından ağız dolusu danışıblar. Amma biz "Eurovision" müsabiqəsinə ev sahibliyi edən ölkənin heç bir internet şəbəkəsində bu kimi səviyyəsiz səhifələrə bu vaxtadək rast gəlməmişik. Bu gün bu səhifəni bəyənən 4000-ə yaxın insan var. Maraqlıdır, bu insanların anaları, bacıları, nişanlıları, sevdikləri xanımları yoxdur????
Axı bu səhifəni yaradan gənclər ölkəyə gələn turist qızları "tutmaqla" nəyi sübut etmək istəyirlər? Heç vaxt nail ola bilməyəcəkləri "kişiliyi", "mərdliyi", axı nəyi?
Bu gün Azərbaycanı dünyaya müsbət mənada tanıtmaq uğrunda gedən hər bir zəhmətin qarşısında bu kimi iyrənc səhifələrin yaradılmasının mənasını başa düşmürəm. Bəlkə, bu səhifəni yaradan insanlar ilk olaraq ətraflarındakı xanımların fikrini, arzu və istəklərini öyrənsinlər?