...

XXI əsrdə tütündən ölənlərin sayı 1 milyard nəfərə çata bilər - Pan Gi Mun

Cəmiyyət Materials 31 May 2011 12:46 (UTC +04:00)
Tütündən istifadə XX əsrdə dünyada təxminən 100 milyon insanın həyatına son qoyub. Tədbir görülməsə, XXI əsrdə bu rəqəm 1 milyarda qədər yüksələ bilər.
XXI əsrdə tütündən ölənlərin sayı 1 milyard nəfərə çata bilər - Pan Gi Mun

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Tütündən istifadə XX əsrdə dünyada təxminən 100 milyon insanın həyatına son qoyub. Tədbir görülməsə, XXI əsrdə bu rəqəm 1 milyarda qədər yüksələ bilər. Bunu BMT-nin baş katibi Pan Gi Munun 31 may - Ümumdünya Tütünsüz Gün ilə bağlı dünya ölkələrinə ünvanladığı müraciətdə deyib. Bu barədə çərşənbə axşamı Trend-ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Müraciətdə qeyd edilir ki, tütün məmulatlarından istifadə etməməklə xərçəng və ürək xəstəlikləri də daxil olmaqla, bir çox xroniki xəstəliklərə qarşı mübarizə aparmaq olar.

"Bizim ehtiyatımızda olan ən böyük alət Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasıdır. 2003-cü ildən 170-dən çox ölkə bu konvensiyaya qoşulub. Bununla da Konvensiya BMT tarixində ən tez qəbul edilən sənədlərdən birinə çevrilib", - müraciətdə deyilir.

"Çərçivə Konvensiyası onu qəbul edən və yerinə yetirən bütün ölkələrdə sağlamlığın müdafiəsi istiqamətində iş görür. Lakin üzv dövlətlərdən gələn hesabatlar hələ çox işin qaldığını göstərir. Mən bütün tərəflərə müqavilənin müddəalarına uyğun öhdəlikləri tam şəkildə yerinə yetirməyi təkidlə tövsiyə edirəm. Həmçinin, müqaviləyə qoşulmayan bir neçə ölkəni Konvensiyanı qəbul etməyə çağırıram. Birlikdə tütün epidemiyasına və onun gətirdiyi bir çox problemə son qoya bilərik. Gəlin bu Ümumdünya Tütünsüz Gündə tütünlə əlaqədar ölümləri azaldaq və hər kəs üçün daha sağlam dünya yaratmaqla digər qeyri-infeksion xəstəliklərə qarşı mübarizəni canlandıraq", - Pan Gi Mun müraciətində qeyd edib.

Xəbər lenti

Xəbər lenti