...

Avropa Məhkəməsi Yaşar Cəfərlinin şikayətlərini baxılacaq işlər siyahısından çıxarıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 İyun 2011 16:56 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsi Ehtiyatda və İstefada olan Zabitlər İttifaqının sədri Yaşar Cəfərlinin Azərbaycana qarşı şikayətinə baxılmaması haqqında qərar qəbul edib.
Avropa Məhkəməsi Yaşar Cəfərlinin şikayətlərini baxılacaq işlər siyahısından çıxarıb (ƏLAVƏ OLUNUB)

Yaşar Cəfərlinin fikirləri əlavə olunub. İlk xəbər saat 13:06-da yayılıb.

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Avropa İnsan Haqları Məhkəməsi Ehtiyatda və İstefada olan Zabitlər İttifaqının sədri Yaşar Cəfərlinin Azərbaycana qarşı şikayətinə baxılmaması haqqında qərar qəbul edib.

Trend-in Avropa Məhkəməsinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, şikayətçi ötən ilin dekabrında məhkəməyə müraciət edərək şikayətinin siyahıdan çıxarılmasını xahiş edib.

Avropa Məhkəməsi Cəfərlinin müraciəti əsasında onun işini baxılacaq işlər siyahısından çıxarmaq barədə qərar qəbul edib.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend-ə bildirib ki, Cəfərli məhkəmə qərarının icra olunmamasından Avropa Məhkəməsinə şikayət etmişdi. Lakin qərar sonradan icra olunduğu üçün o, məhkəməyə müraciət edərək şikayətini geri götürüb.

Cəfərli Trend-ə bildirib ki, Avropa Məhkəməsinin icraatında onun tərəfindən verilmiş 10-a yaxın şikayət var. Həmin şikayətlərdən üçünün məhkəmə qərarlarının icra olunmaması ilə bağlı olduğunu deyən Cəfərlinin sözlərinə görə, şikayətlərdən ikisinin baxılmasının dayandırılması barədə Avropa Məhkəməsinə müraciət edib.

"Həmin qərarlardan ikisi icra olunduğu üçün bu şikayətlər üzrə işə baxılmasının dayandırılması barədə Avropa Məhkəməsinə müraciət etmişəm. Avropa Məhkəməsi həmin şikayətlərin baxılacaq işlər sırasından çıxarılması barədə qərar qəbul edib", - Cəfərli deyib.

O bildirib ki, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı üçüncü iş barədə Avropa Məhkəməsinə 2006-cı ilin aprelində müraciət edib və şikayəti üzrə kommunikasiyaya 2007-ci ilin oktyabrında başlayıb.

"Amma indiyədək nə Avropa Məhkəməsi, nə də Azərbaycan hökuməti həmin qərarın icrasını təmin edib", - o deyib.

Xəbər lenti

Xəbər lenti