...

Aktauda Xəzər dənizi üzrə Tehran Konvensiyasına protokolların imzalanması gözlənilir

Cəmiyyət Materials 9 Avqust 2011 15:53 (UTC +04:00)
Bu gün beş Xəzəryanı dövlətin nümayəndə heyəti Tehran Konvensiyası üzrə konfransın üçüncü sessiyasında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə gəlirlər.
Aktauda Xəzər dənizi üzrə Tehran Konvensiyasına protokolların imzalanması gözlənilir

Qazaxıstan, Astana, 9 avqust /Trend, müxbir A.Maratov/

Bu gün beş Xəzəryanı dövlətin nümayəndə heyəti Tehran Konvensiyası üzrə konfransın üçüncü sessiyasında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə gəlirlər. Trend-in məlumatına görə, bu barədə Trend-ə Qazaxıstan Ekologiya və Ətraf Mühitin Qorunması Nazirliyinin mətbuat katibi Aida Abenova məlumat verib.

"Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın səlahiyyətli nümayəndələri regional hazırlıq, neftlə çirkləndirməyə səbəb olan insidentlərə reaksiya və əməkdaşlığa dair protokolu və transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə protokolu imzalayacaqlar", - Abenova bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin Xəzərdə ekoloji təhlükəsizliyin təmini sahəsində əməkdaşlığı Xəzərin dəniz mühitinin qorunması üzrə çərçivə konvensiyasına iki protokolun imzalanması (Tehran Konvensiyası) ilə yeni səviyyəyə keçəcək.

Tehran Konvensiyası üzrə konfransın üçüncü sessiyası avqustun 10-12-də keçiriləcək.

"İki protokolun imzalanması mərasimi avqustun 11-də sessiyanın işçi iclasları zamanı olacaq", - Abenova bildirib.

Onun sözlərinə görə, konfransda Tehran Konvensiyasının daimi katibliyinin yeri barədə məsələyə də baxılacaq.

"Hazırda katibliyin funksiyalarını müvəqqəti olaraq BMT-nin Ətraf mühitin qorunması üzrə Avropa ofisi (UNEP) yerinə yetirir", - nazirlik nümayəndəsi əlavə edib.

Aktau konfransının yekunları üzrə nazirlərin bəyanatı qəbul ediləcək.

Konfransın işində beynəlxalq, qeyri-hökumət, ictimai təşkilatlarının və özəl sektorun nümayəndələri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti