...

Məhəmmədhüseyn Şəhriyarın yaşadığı evdə bərpa işləri aparılır

Cəmiyyət Materials 10 Avqust 2011 13:12 (UTC +04:00)
Məhəmmədhüseyn Şəhriyarın Təbrizin Xoşginab kəndində yaşadığı evdə bərpa işləri aparılır. Bunu İranın Mədəni İrs və Turizm Təşkilatının Şərqi Azərbaycan əyaləti üzrə şöbəsinin rəisi Turab Məhəmmədi deyib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Məhəmmədhüseyn Şəhriyarın yaşadığı evdə bərpa işləri aparılır

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Məhəmmədhüseyn Şəhriyarın Təbrizin Xoşginab kəndində yaşadığı evdə bərpa işləri aparılır. Bunu İranın Mədəni İrs və Turizm Təşkilatının Şərqi Azərbaycan əyaləti üzrə şöbəsinin rəisi Turab Məhəmmədi deyib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

Məhəmmədi qeyd edib ki, hazırda Xoşginab kəndinin turizm zonasına çevrilməsi üzrə plan hazırlanıb.

"Hazırda Şəhriyarın evində bərpa işləri aparılır. Gələn il onun təhsil aldığı orta məktəbdə də bərpa işləri aparılacaq", - şöbə rəisi deyib.

Məhəmmədi əlavə edib ki, Şəhriyarın Xoşginab kəndindəki evinin bərpasına və kəndin turizm mərkəzinə çevrilməsi üçün lazımi işlərin görülməsinə 250 min dollar vəsait ayrılıb.

İranda 2002-ci ildən Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan və İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyat dərsləri alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" jurnalında dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər.

Xəbər lenti

Xəbər lenti