...

Azərbaycanda həbsdə olan islamçıların məhkəməsi davam etdirilib

Cəmiyyət Materials 24 Avqust 2011 16:57 (UTC +04:00)
Trend-in məlumatına görə, məhkəmə iclasında təqsirləndirilən Dəyanət Səmədovun yaşadığı evin həyətində keçirilən baxışda hal şahidi qismində iştirak etmiş İlham Ələsgərov və Cəfər Cəfərov şahid qismində dindiriliblər.
Azərbaycanda həbsdə olan islamçıların məhkəməsi davam etdirilib

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, məhkəmə iclasında təqsirləndirilən Dəyanət Səmədovun yaşadığı evin həyətində keçirilən baxışda hal şahidi qismində iştirak etmiş İlham Ələsgərov və Cəfər Cəfərov şahid qismində dindiriliblər.

Hər iki şahid məhkəməyə verdikləri ifadələrində Dəyanət Səmədovun yaşadığı evin həyətində polis əməkdaşları tərəfindən keçirilən baxışda iştirak etdiklərini və onların iştirakları ilə keçirilən baxış zamanı həyətdə yerləşən qazanxanada üzərilərinə uşaq arabası və süpürgə qoyulmuş iki un torbasının içərisində 2 ədəd avtomat, 4 ədəd güllə darağı, 20 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı və patron aşkar edildiyini bildiriblər.

Şahidlər bildiriblər ki, həyətə baxış Dəyanət Səmədovun yaxın qohumlarının iştirakı ilə və onların gözləri qarşısında keçirilib.

Şahid Cəfər Cəfərovun ifadələrindən narazı qalan Rufulla Axundov şahidə "Çöldə olsaydım sənin sifətini dağıdardım" deyə qışqırıb.

Şahid Cəfər Cəfərovun Quba şəhərində yəhudi millətindən olan şəxsin evində kirayənişin yaşadığını bildirməsi isə təqsirləndirilən şəxslərin qəzəbinə səbəb olub.

Bunu eşidən Zülfüqar Mikayılov ona söz verilmədiyi halda "Niyə yəhudinin evində qalırsan" deyə şahidi tənbeh edib.

Təqsirləndirilən Fəramiz Abbasov isə "sən sionistin evində qalırsan, ona görə də bizə qarşı bu ifadələri verirsən" deyə şahidə cavab verib.

Xəbər lenti

Xəbər lenti