...

Həvva Məmmədova: Siqaretə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdirilməlidir

Cəmiyyət Materials 13 Sentyabr 2011 15:52 (UTC +04:00)
Azərbaycanda siqaretə qarşı mübarizəni daha da gücləndirmək üçün qanunvericilikdə təkmilləşdirmələr etməyə ehtiyac var.
Həvva Məmmədova: Siqaretə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdirilməlidir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siqaretə qarşı mübarizəni daha da gücləndirmək üçün qanunvericilikdə təkmilləşdirmələr etməyə ehtiyac var. Bu barədə çərşənbə axşamı Trend-ə sabiq millət vəkili, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədr müavini Həvva Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün siqaret nəinki Azərbaycanı, bütün dünyanı narahat edən bir nömrəli problemlərdəndir.

"Siqaretə qarşı mübarizə sahəsində ciddi işlər görməyin vaxtı çoxdan çatıb. Birinci növbədə, siqaretlə bağlı təbliğatın aparılmasına, radioda, televiziyada, mətbuatda mütəxəssislərin çıxışına ehtiyac var. Televiziyalarda səhiyyə ilə bağlı verilişlərdə beş dəqiqə belə siqaretə ayrılsa, effektli nəticə görmək olar", - Məmmədova əlavə edib.

O qeyd edib ki, bu gün Azərbaycanda insanlar çox gənc yaşlarından siqaret çəkməyə başlayırlar.

"Gənc yaşlarında insanların siqaret çəkməyə başlaması acınacaqlı vəziyyətdir. Bu, gələcəkdə müəyyən problemlərin baş verməsinə, qeyri-sağlam uşaqların doğulmasına gətirib çıxarır", - o vurğulayıb.

Məmmədova hesab edir ki, siqaret Azərbaycan xalqının genefonduna da mənfi təsir edən amillərdəndir.

"Çox vaxt elə olur ki, cavan insanlar ailə qurur və 5-10 il ərzində həmin insanların övladları olmur. Aparılan tədqiqatlar göstərir ki, bu problemin yaranmasının səbəblərindən biri də erkən yaşlarda siqaret çəkməkdir", - Məmmədova deyib.

Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən dünyasını dəyişir.

Xəbər lenti

Xəbər lenti