...

Ramil Səfərov daha bir macar müəllifin əsərini Azərbaycan dilinə tərcümə edib

Cəmiyyət Materials 14 Sentyabr 2011 16:03 (UTC +04:00)
Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının başqa bir nümunəsini orijinaldan ana dilimizə çevirib.
Ramil Səfərov daha bir macar müəllifin əsərini Azərbaycan dilinə tərcümə edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının başqa bir nümunəsini orijinaldan ana dilimizə çevirib.

Bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (1878-1952) yaradıcılığı cəlb edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

"Ramil Səfərov tərcümə üçün yazıçının ən populyar əsərini - "Pal küçəsinin uşaqları" romanını seçib. Müxtəlif nəsillərdən olan macar oxucuların masaüstü kitabı sayılan, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab indiyə qədər dünya xalqlarının onlarla dilinə tərcümə olunub, onun motivləri əsasında birgə macar-Amerika bədii filmi çəkilib. Kitab yaxın vaxtlarda Bakıdakı nəşriyyatlardan birində işıq üzü görəcək", - məlumatda deyilir.

Ramil Səfərovun tərcüməsində bu il nəşr olunan tanınmış macar qadın yazıçı Maqda Sabonun (1917-2007) "Qapı" romanı da ölkənin ədəbi ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.

Əsər haqqında Budapeştin "Nepsava" qəzetində məqalə ilə çıxış edən Mikloş Nad oxuculara azərbaycanlı zabitin hansı səbəblər üzündən həbsxanaya düşməsi haqqında məlumat verərək yazır: "Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı ərazi münaqişəsi zəminində meydana çıxan hərbi əməliyyatlar zamanı həlak olmuşlar. İfadələrində də göstərdiyi kimi, erməni kurs yoldaşı bütün bu faciəli hadisələri məsxərə obyektinə çevirmiş və onu tamamilə haldan çıxarmışdı. Ortada şərəf məsələsi vardı və Səfərov əsəblərini cilovlaya bilməmişdi".

Macar müəllifi "Qapı" romanının Azərbaycan nəşrinin meydana çıxmasını da bu sarsıdıcı hadisələrlə bağlayır: "Basqınlar və qətllər, onillər boyu sağalmayan yaralar və qəlb iztirabları, etnik münaqişələr və təxribatlar, nəhayət iki nəfər gəncin Budapeştdəki faciəli görüşü nəticə etibarı ilə doqquz milyonluq Azərbaycan oxucusunun "Qapı" romanı, Maqda və Emerentsin həyat tarixçələri ilə tanış olmalarına imkan yaratmışdır. Qismətə inananlar həyatda heç bir şeyin təsadüfi baş vermədiyini deyirlər. Lakin mən buna inanmaq istəmirəm".

Müəllif yad ölkədə ağır məhbəs həyatı yaşayan Ramil Səfərovun öz nəcib təşəbbüsü ilə münaqişə tərəflərini yaxınlaşdırmağa, "sülh qapısı" açmağa çalışdığı fikrindədir. O yazır: "Tərcüməçi Azərbaycan və macar qadınlarının taleyində çoxlu oxşar cəhətlərin olduğunu bildirir və Maqda Sabonun romanının da məhz buna görə diqqətini çəkdiyini deyir. Bərkə-boşa düşmüş bu asiyalı əsgərin həssas müşahidələri və qadın qəlbinin sirlərinə bələdliliyi onun daxili zənginliyindən xəbər verir. Və gələcəkdə başqalarının azərbaycanlı və erməni qadınları arasında oxşar cəhətləri tapacaqlarına ümid yaradır. Bundan sonra isə azərbaycanlı və erməni kişilər arasındakı oxşarlıqları tapmaq sırası gəlir..."

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 2004-cü ildə 34 yaşlı Səfərov NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətdə qətlə yetirib. Ramil Səfərov Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti