...

Azərbaycanda vergi cinayətlərinə görə axtarışda olan 19 nəfər tutulub

Cəmiyyət Materials 8 Oktyabr 2011 11:40 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 426 cinayət işi başlanıb və 235 iş üzrə ibtidai istintaq tamamlanıb
Azərbaycanda vergi cinayətlərinə görə axtarışda olan 19 nəfər tutulub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 426 cinayət işi başlanıb və 235 iş üzrə ibtidai istintaq tamamlanıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 25 iş, qanunsuz sahibkarlığa görə 4 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş olmaqla, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla cəmi 39 nəfər barəsində 31 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 122 cinayət işinə xitam verilib.

Cinayət işləri və araşdırılan materiallar üzrə 37,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 19 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 184 şəxsin məcburi qaydada gətirilməsi, 128 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 85 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir.

Vergi yoxlamalarından yayınan 179 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti