Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan nümayəndə heyəti Koreyanın Kyoncu şəhərində (Şimali Könsanq əyaləti) keçirilən Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyasının 19-cu illik sessiyasında iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyiyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 8-də işə başlayan sessiya oktyabrın 14-dək davam edəcək. Sessiyada Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, BMT-nin "Turizmin inkişafı layihəsi"nin Azərbaycan üzrə milli koordinatoru Faiq Qürbətov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.
Assambleyanın gedişində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ÜTT-nin baş katibi Taleb Rifai və qurumun icraçı direktoru Zoltan Somoçi ilə görüşüb. Görüşdə Azərbaycanla ÜTT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Təşkilatın rəhbərliyinə Azərbaycanda "Turizm ili" çərçivəsində reallaşdırılan tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri həmçinin Rusiya Federasiyasının Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San Marino Turizm Nazirliyinin təmsilçisi Mauro Mayani və "Özbəkturizm" şirkətinin təmsilçisi Rüstəm Mirzəyevlə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Koreya Respublikasının İdman, Mədəniyyət və Turizm Nazirliyinin, Kyoncu Şəhər Administrasiyasının və Şimali Könsanq əyaləti rəhbərliyinin təşkilatçılığı ilə keçirilən sessiyanın iştirakçıları bu ölkənin müxtəlif şəhərləri ilə tanış olacaq, o cümlədən UNESCO-nun Dünya mədəni irs siyahısında olan Yandon şəhərinə ekskursiya edəcəklər.