“Dağ Hazırlığı məktəbi”nə növbəti qəbul başlayıb

Cəmiyyət Materials 20 Oktyabr 2011 14:50 (UTC +04:00)
“Dağ Hazırlığı məktəbi”nə növbəti qəbul başlayıb
“Dağ Hazırlığı məktəbi”nə növbəti qəbul başlayıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Dağ idman növlərinin sirlərini və özəlliklərini mənimsəyərək dünyanın ən yüksək zirvələrinə qalxmaq, ekstremal şəraitlərdə vəziyyətdən çıxmaq bacarığına yiyələnib işğal altındakı torpaqlarımızı geri qaytarmağa hazır olmaq istəyən vətənpərvər yeniyetmə və gəncləri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası xüsusi hazırlıq kurslarına dəvət edir. Bunun üçün Federasiyanın nəzdində 2009-cu ildən fəaliyyət göstərən "Dağ Hazırlığı məktəbi"nə növbəti, 3-cü qəbul artıq başlanıb.

"Dağ Hazırlığı məktəbi"nə daxil olanlara dağlara və dağçılıq idmanına aidiyyəti olan müxtəlif sahələrdən (biologiya, coğrafiya, geologiya, meteorologiya və s.) biliklər verilir, qayayadırmanma bacarığı və təcrübəsi aşılanır, özünü mühafizə qaydaları öyrədilir. Tədris prosesində yürüşlərin, ekspedisiyaların və səyahətlərin təşkili barədə məlumatlar çatdırılır, ekstremal idman növlərinin özəllikləri, avadanlıqlardan istifadə qaydaları, ilkin tibbi yardımın əsasları, həmçinin gənclərin hərbi xidmətə hazırlığı kimi mühüm keyfiyyətlərin öyrədilməsinə şərait yaradılır. Ən əsası isə məktəbdə ekstremal şəraitlərdə mürəkkəb vəziyyətlərdən çıxmaq, özünü qorumaq, yerində düzgün qərarlar qəbul etmək bacarığı və psixoloji hazırlıq bilgiləri öyrədilir.

"Dağ Hazırlığı məktəbi"ndə bütün dərslər və təlimlər ixtisaslı müəllimlər, təcrübəli ekstremallar, beynəlxalq dərəcəli yerli və xarici mütəxəssislər tərəfindən tədris ediləcək. Tədris keçənlər nəzəri dərslərdən başqa, təcrübi məşğələlərə və təlimlərə cəlb olunacaq, Federasiyanın yarışlarında və müxtəlif tədbirlərində fəal iştirak edə biləcəklər. Qeyd edək ki, hazırlıq kursları 5 səviyyədə təşkil olunur, bütün təlim-tədris prosesini müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim edilir.

Tədris, Federasiyanın Dağçılıq Komissiyası tərəfindən təsdiq edilmiş plan-proqram üzrə həyata keçirilir və bütün xərclər Federasiya tərəfindən ödənilir.

"Dağ Hazırlığı məktəbi"nə qəbul olunmaq istəyənlər daha ətraflı məlumat almaq üçün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının www.fairex.az saytına və Neftçilər prospekti 91 ünvanda yerləşən ofisinə (tel:012 437 31 29) müraciət edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2005-ci ildə yaradılmış və hazırda onun tərkibində 18 klub fəaliyyət göstərir. Federasiyanın idmançıları buzadırmanma və qayayadırmanma üzrə Azərbaycan çempionatlarında, beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin ilk Azərbaycan-Antarktida, Azərbaycan-Afrika və Azərbaycan-Cənubi Amerika ekspedisiyalarını həyata keçirmişlər.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası FAI (Beynəlxalq Hava İdman Növləri Federasiyası), IFSC (Qayayadırmanma Üzrə Beynəlxalq Federasiya) və UİAA (Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyası) kimi beynəlxalq idman təşkilatlarının üzvüdür.

Xəbər lenti

Xəbər lenti