...

Dövlət qulluğunda çalışanlar dövlət qulluğu stajını elektron qaydada özləri hesablayacaqlar

Cəmiyyət Materials 1 Dekabr 2011 14:59 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğunda çalışanlar dövlət qulluğu stajını elektron qaydada özləri hesablaya biləcəklər.
Dövlət qulluğunda çalışanlar dövlət qulluğu stajını elektron qaydada özləri hesablayacaqlar

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğunda çalışanlar dövlət qulluğu stajını elektron qaydada özləri hesablaya biləcəklər.

Azərbayan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov cümə axşamı Trend-ə bildirib ki, komissiyanın internet saytında bu məqsədlə gələcəkdə dövlət qulluğu stajı kalkulyatoru elektron xidməti yaradılacaq.

Misirov bildirib ki, Komissiyaya sovet dövründə dövlət qulluğunda çalışmış şəxslər tərəfindən dövlət qulluğu stajının hesablanması ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

"Biz yeni bir sistem hazırlayırıq. Həmin sistemin köməyi ilə dövlət qulluğunda çalışmış hər bir şəxs həmin sistemə - dövlət qulluğu stajı kalkulyatoruna daxil olmaqla işlədikləri vəzifələri, dövlət qulluğunda çalışdıqları müddəti və digər məlumatları daxil etməklə, dövlət qulluğu stajını hesablaya biləcəklər", - sədr müavini deyib.

Komissiya rəsmisi bildirib ki, 1991-ci ilədək dövlət qulluğuna aid olunan vəzifələr və təsnifatlar Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə müəyyən edilib.

"Dövlət qulluğu sahəsindəki bütün məlumatlar, qanunvericilik bazası həmin sistemdə yerləşdiriləcək. Sistem tam formalaşandan sonra hər bir şəxs özü barədə məlumatları daxil edərək dövlət qulluğu stajını hesablaya biləcək", - o deyib.

Misirov qeyd edib ki, sistemə yerləşdiriləcək məlumatlar gələcəkdə dövlət qulluğunda çalışan şəxslərə dövlət qulluğu stajına görə pensiyanın da hesablanmasına imkan verəcək.

Yeni sistemin hazırlanmasına növbəti ildən başlanacaq.

Xəbər lenti

Xəbər lenti