...

Nəsrulla İmanquliyevin 100 illik yubileyi münasibətilə konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2011 14:36 (UTC +04:00)
Bakıda cümə günü Mətbuat Şurasının təşkilatçılığı ilə görkəmli jurnalist, ictimai xadim, publisist Nəsrulla İmanquliyevin 100 illik yubileyi münasibətilə "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirilib.
Nəsrulla İmanquliyevin 100 illik yubileyi münasibətilə konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü Mətbuat Şurasının təşkilatçılığı ilə görkəmli jurnalist, ictimai xadim, publisist Nəsrulla İmanquliyevin 100 illik yubileyi münasibətilə "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olan bir şəxsiyyətdir. Onun sözlərinə görə, İmanquliyev öz dəst-xətti ilə seçilib və bu, onun tərəfindən yaradılmış "Bakı" və "Баку" qəzetlərinin yazılarında əks olunub.

Amaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayında Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Şura sədri bildirib ki, müasir Azərbaycan jurnalistikasının inkişafında İmanquliyevin əvəzsiz xidmətləri olub. Amaşov onu da deyib ki, Nəsir İmanquliyevin Bakı Dövlət Universitetində zəngin pedaqoji fəaliyyəti olub.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, konfrans Azərbaycan jurnalistikasının tarixinə nəzər salmağa şərait yaradır.

"Azərbaycan xalqının milli ideologiyasının formalaşmasında rolu olmuş mütəfəkkirlərin fəaliyyətinə ölkədə hər zaman xüsusi diqqət yetirilir", - o deyib.

Əliyevin sözlərinə görə, Nəsir İmanquliyevi mətbuata gətirən səbəb onun vətənpərvərliyi, ədəbi-bədii dəyərlərə sevgisi olub.

O qeyd edib ki, jurnalistika fakültəsinin ilk pedaqoqlarından olan Nəsir İmanquliyevi BDU-nun ilk qurucularından hesab etmək olar.

Onun sözlərinə görə, İmanquliyevin "Bakı" və "Баку" qəzetlərinin fəaliyyəti xüsusi qeyd edilməlidir, çünki kommunist monopoliyasının hökm sürdüyü dövrdə, azad fikrin təqib olunduğu zamanda yeni nəşr dərc etmək böyük hünər tələb edirdi.

Əliyev deyib ki, İmanquliyev yetişdirdiyi çoxsaylı tələbələri ilə müasir Azərbaycan jurnalistikasının təşəkkülündə də mühüm rol oynayıb. O qeyd edib ki, konfransın keçirilməsi Nəsir İmanquliyev yaradıcılığına verilən qiymətin göstəricisidir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədli tədbirdə çıxışında bildirib ki, İmanquliyev Azərbaycanda yeni bir jurnalistika istiqamətinin yaradıcısı olub.

"O ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə həsr edib və BDU-nun jurbalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında fəaliyyət göstərib", - Məmmədli deyib.

Onun sözlərinə görə, Nəsrulla İmanquliyev xeyirxahlıq, yüksək insaniyyət, alicənablıq xüsusiyyətləri ilə seçilirdi.

Kafedra müdiri həmçinin böyük jurnalistin peşəkar hüquqi informasiya bilicisi olduğunu vurğulayıb.

"Hazırda qəzet istehsalı çox asanlaşıb. Yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə yeni bir qəzet dərc etmək olar. Lakin Nəsir İmanquliyev "Bakı" və "Баку" qəzetlərini yaradanda, xeyli əzablı yollar keçib", - Məmmədli deyib.

Onun sözlərinə görə, təkcə bu fakta görə Nəsrulla İmanquliyev jurnalistika sahəsində məktəb yaradan bir şəxs kimi xatirələrdə qalacaq.

Tədbirdə çıxış edənlər - Şirməmməd Hüseynov, Yusif Kərimov və Nəsir İmanquliyevlə bir yerdə işləmiş və ya onun tələbəsi olmuş digər şəxslər qeyd ediblər ki, İmanquliyev heç bir gənc jurnalistə öz yardımını əsirgəməyib.

Qeyd olunub ki, professor Nəsrulla İmanquliyev yüzlərlə jurnalistin tərbiyyəçisi idi. BDU əməkdaşları bildiriblər ki, İmanquliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi biblioqrafiya və onun jurnalistikaya, bu elmin praktik əsaslarına həsr olunmuş elmi kitabı bu ay nəşr olunacaq.

2011-ci ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti