Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda ali məktəblərin magistraturalarına qəbul imtahanlarında iştirak üçün sənəd qəbulunun fevralın 5-dən sonra başlaması nəzərdə tutulur. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, sənəd qəbulunun başlanma tarixi növbəti həftənin ilk günlərində dərc ediləcək "Magistr" jurnalının II sayında elan ediləcək.
Əliyev deyib ki, sənəd qəbulu 10 gün davam edəcək. Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi isə fevralın sonunda aparılacaq.
TQDK rəsmisinin bildirdiyinə görə, sənəd qəbulu zamanı elektron imzalardan istifadə edilib-edilməyəcəyi hələ dəqiqləşdirilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.
"Ola bilər ki, elektron imzası olan şəxslər sənəd qəbulunda ondan istifadə etsin. Qalan şəxslər ənənəvi qayda ilə sənəd qəbulu komissiyalarında sənəd verə biləcəklər. Amma bununla bağlı müvafiq qərar olmalıdır", - Əliyev əlavə edib.
Bu il ali məktəblərin magistraturalarına qəbul üçün 5000-dən çox plan yeri ayrılıb.
Bu il yeni magistr ixtisasları üzrə də qəbul aparılacaq.
Azərbaycanda magistratura üzrə qəbul imtahanları iki mərhələdə aparılır.