...

Azərbaycanın yol polisi sürücülərə xəbərdarlıq edib

Cəmiyyət Materials 27 Yanvar 2012 10:03 (UTC +04:00)
Respublikanın rayonlarına gedən bütün istiqamətlərdə yollar buz bağlayıb.
Azərbaycanın yol polisi sürücülərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın rayonlarına gedən bütün istiqamətlərdə yollar buz bağlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Bakı-Şamaxı, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolları, Ağsu aşırımı, eyni zamanda, respublikanın cənub və qərb rayonlarına gedən yollar buz bağlayıb.

Onun sözlərinə görə, buna baxmayaraq, yollarda hərkət var.

Əliyev deyib ki, hazırda həmin yollara qum səpilir.

Şöbə rəisi bildirib ki, Bakı-Sumqayıt yolunun bəzi hissələri, Bakı şəhərinin dağətəyi ərazilərində də yollarda buzlaşma var.

İdarə sözçüsü bununla əlaqədar sürücülərə yollarda diqqətli olmağı, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin ayın sonunadək davam edəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti