...

Bakıda tanınmış rusiyalı yazıçı-tarixçi Rudolf İvanovun yeni kitablarının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2012 17:20 (UTC +04:00)
Bakıda tanınmış rusiyalı yazıçı-tarixçi Rudolf İvanovun yeni kitablarının təqdimatı olub.
Bakıda tanınmış rusiyalı yazıçı-tarixçi Rudolf İvanovun yeni kitablarının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir S.Ağayeva/

Çərşənbə axşamı Bakıda tanınmış rusiyalı yazıçı-tarixçi, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun fəxri doktoru, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü, Azərbaycanın "Dostluq" ordeninin kavaleri Rudolf İvanovun "Azərbaycan həqiqəti, Rusiyanın gəlişi və fars motivləri" və "Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi" adlı növbəti kitablarının təqdimatı keçirilib.

"Rusiyalı tarixçi, publisist Rudolf İvanov Azərbaycanda yaxşı tanınır. "Nezavisimaya qazeta"da ilk məqalələri ilə "Bəyazid" kinoserialının yaradıcılarının saxtakarlığını və yalanını ifşa edən Rudolf İvanov tarixi həqiqəti qorumaqda öz prinsipiallığı, əsasən də obyektiv mövqeyi ilə Azərbaycan cəmiyyətində böyük hörmət qazanıb", - Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşkil etdiyi təqdimatda yazıçı, publisist, millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycanın böyük dostu İvanov beş kitab yazıb.

"İvanovun Qafqazın tarixi üzrə artıq kitabları olub. Bu kitablarda Hacı Murad, Şeyx Şamil, Maqsud Əlixanovun parlaq obrazları və regionumuzun digər tanınmış tarixi şəxsləri təmsil olunub. Azərbaycana səfərdən, habelə qədim Naxçıvanla və onun tarixi ilə tanış olduqdan sonra tanınmış yazıçıda şanlı Naxçıvan xanları sülaləsi haqqında trilogiya yaratmaq barədə ambisiyalı ideya yarandı. Bir-birinin ardınca onun Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski, nəhayət məşhur hərbi sərkərdə sülaləsinin yaradıcısı - Naxçıvan xanlığının sahibi, Kəlbəli xan haqqında kitabları çıxır", - Axundova qeyd edib.

Axundovanın fikrincə, müəllifin son iki kitabı onunla da fərqlənir ki, bu kitablarda İvanov ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə, rus-fars müharibəsinin reallıqlarına, İranda rusiyalı yazıçı və diplomat Aleksandr Qriboyedovun ölümünün səbəblərinə, habelə ermənilərin İran və Türkiyədən Zaqafqaziya sərhədlərinə köçürülməsi tarixinə və bir çox hadisələrə toxunub.

"Azərbaycanda rusiyalı tarixçinin fəaliyyətini yüksək qiymətləndiriblər. Professor İvanov Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü, ölkənin bir sıra ali məktəblərinin fəxri doktoru seçilib. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı alimi respublikanın ali dövlət ordeni olan "Dostluq" ordeni ilə təltif edib. Heydər Əliyev Fondu tərəfindən onun şəxsiyyəti və yaradıcılığına diqqət isə yazıçını yeni yaradıcılıq uğurlarına həvəsləndirir", - Axundova bildirib.

Rusiyalı yazıçı-tarixçi İvanovun Azərbaycan xalqı qarşısında əsas xidməti odur ki, o, Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırıb. AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı yazıçının yaradıcılığını belə xarakterizə edib.

"Rudolf İvanov Azərbaycan tarixşünaslığında fəxri yer tutur. Məhz o, bir çox həmvətənlilərinin gözünü açaraq yalan və həqiqətin harada olduğunu göstərdi", - o qeyd edib.

"Şadam ki, mənim həmvətənim Azərbaycanda belə uğura, diqqətə və hörmətə malikdir", - təqdimatda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Diplomat vurğulayıb ki, hər iki xalqa bir-birinin tarixi haqqında bilik boşluğunun yerini doldurmaq lazımdır və Rudolf İvanov kimi tarixçilərin buna töhfəsi qiymətsizdir.

"Mənim yaradıcılığım gələcək nəsil üçün Azərbaycan tarixində yalan səhvlərin düzəldilməsinə yönəlib", - Rudolf İvanov yeni kitablarının təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük sərkərdələrin, hökmdarların, Azərbaycan xalqının şanlı oğul və qızlarının, Heydər Əliyevin, İlham Əliyevin, Mehriban xanım Əliyevanın torpağıdır.

"Mən fəxr edirəm ki, bu torpaqda çoxlu dostlarım var", - İvanov söyləyib.

Publisist qeyd edib ki, Stalinin dövründə bu xalqa qarşı törədilən repressiya zamanı Azərbaycanın çoxlu istedadlı şəxslərini itirməsinə baxmayaraq, ölkənin hər şeyə rəğmən, kifayət qədər istedadlı insanlara, geniş tarixə malik olması insanı heyrətləndirir.

"Mən Azərbaycanı ikinci vətənim hesab edirəm və düşünürəm ki, mənim bütün yaradıcılığım Azərbaycana həsr olunmalıdır. Belə ki, burada tarixin unikal mərhələləri var", - rusiyalı yazıçı deyib.

Rudolf İvanov məşhur rusiyalı yazıçı-qafqazşünas, Azərabaycanın görkəmli hərbi sərkərdələri, Böyük Vətən müharibəsi veteranları haqqında kitabların müəllifi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur.

Professor Rudlof İvanov 35 kitabın və 220-dən artıq məqalənin müəllifidir. Bu əsərlər arasında Rusiya İmperiyası və Qafqaz tarixi üzrə əsərlər, habelə Qafqaz xalqlarının tarixinə həsr edilmiş kitablar başlıca yer tutur.

Tədbirdə çıxış edən alimlər, tarixçilər, Azərbaycan ziyalıları Heydər Əliyev Fondunun tanınmış rusiyalı yazıçı-tarixçinin Azərbaycanda əsərlərinin nəşr edilməsinə kömək göstərməsində xüsusi rolunu qeyd ediblər.

Rudolf İvanov nadir tarixi kitablar kolleksiyasını Heydər Əliyev Fonduna hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti