...

Azərbaycanda "avtoş"lar üçün xüsusi meydançanın tikintisi gecikir

Cəmiyyət Materials 1 Fevral 2012 12:20 (UTC +04:00)
Azərbaycanda avtoxuliqanlar üçün xüsusi meydançanın tikintisi gecikir.
Azərbaycanda "avtoş"lar üçün xüsusi meydançanın tikintisi gecikir

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtoxuliqanlar üçün xüsusi meydançanın tikintisi gecikir.

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) mətbuat xidmətinin rəisi Valid Qardaşlı Trend-ə bildirib ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün layihə təsdiq olunsa da, ərazinin partlamamış hərbi sursatlardan və minalardan təmizlənməsi prosesi başa çatmadığından meydançanın tikintisi gecikir.

"Həmin mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar var. ANAMA ərazinin minalardan təmizlənməsi işini həyata keçirir. İşin sürətlənməsi üçün iki dəfə ANAMA-ya müraciət olunub. Ərazi minalardan təmizlənəndən sonra meydançanın tikintisinə başlanılacaq", - Qardaşlı bildirib.

Onun sözlərinə görə, meydançanın tikintisi üçün dövlət tərəfindən maliyyə ayrılması da istisna olunmur.

KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bir müddət öncə mətbuata müsahibələrinin birində avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqanlar) üçün xüsusi meydançanın inşası təklifi ilə çıxış etmişdi.

Avtoxuliqanlar öz imkanlarını nümayiş etdirməkdə maraqlıdırlar. Şəhər küçələrində əhali üçün təhlükə yaranmasın deyə, belə şəxslər üçün xüsusi yerlərin ayrılması təklif olunur.

İnşa olunacaq meydançada gələcəkdə avtomobil yarışlarının keçirilməsi də mümkün olacaq.

Ekspertlər hesab edirlər ki, belə bir meydançanın istifadəyə verilməsi, avtomobil yarışlarının keçirilməsi avtomobil həvəskarları üçün geniş perspektivlər açacaq.

Həmçinin, avtoxuliqanlar üçün belə bir yerlərin ayrılması paytaxtda onların sayının və avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verən qəzaların sayının azalması ilə nəticələnəcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, avtoxuliqanlar əsasən, 18-22 yaşlı gənclərdir.

Əliyevin sözlərinə görə, onlar arasında avtomobili yüksək sürətlə idarə etməyə əyləncə, xuliqanlıq məqsədilə və idman növü kimi yanaşanlar da var.

BDYPİ rəsmisi avtomobili yüksək sürətlə idarə edənlər üçün xüsusi yerlərin ayrılması ilə avtoxuliqanların kökünün kəsiləcəyinə əmin olmasa da, onların sayının azalacağını istisna etmir.

Qeyd edək ki, avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti