...

Azərbaycanda hava şəraiti ilə əlaqədar təxirə salınan dərslərin hansı formada kompensasiya ediləcəyinə aydınlıq gətirilib

Cəmiyyət Materials 14 Fevral 2012 15:08 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar fevralın ilk günlərində ölkənin ümumtəhsil müəssisələrində bir neçə gün təxirə salınan dərslərin tədris prosesində hansı formada kompensasiya ediləcəyini açıqlayıb.
Azərbaycanda hava şəraiti ilə əlaqədar təxirə salınan dərslərin hansı formada kompensasiya ediləcəyinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar fevralın ilk günlərində ölkənin ümumtəhsil müəssisələrində bir neçə gün təxirə salınan dərslərin tədris prosesində hansı formada kompensasiya ediləcəyini açıqlayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə çərşənbə axşamı Trend-ə deyib ki, hava şəraiti ilə əlaqədar ölkənin 5 günlük tədris rejimi ilə işləyən məktəblərində 2 gün, 6 günlük tədris rejimi ilə işləyən məktəblərində isə 3 gün dərslər keçirilməyib.

Dərslər yalnız bir neçə günlük təxirə salındığı üçün nazirlik bu məsələnin həllini rayon, şəhər təhsil şöbələri və məktəb direktorlarının ixtiyarına verib.

Dərslərin keçirilmədiyi günlərin qarşıdan gələn yaz tətili müddətində nəzərə alınıb-alınmayacağını da məktəblər özləri müəyyənləşdirəcəklər.

"Hər bir məktəb öz nizamnaməsinə uyğun olaraq, bu barədə qərar qəbul edəcək. Onlar özləri həmin günləri nəzərə almaqla, bu məsələni tədris prosesində tənzimləyəcəklər", - Hüseynzadə əlavə edib.

Azərbaycanın təhsil naziri Misir Mərdanovun əmri ilə kəskin hava şəraiti ilə əlaqədar fevralın 2- dən 5-dək orta ümumtəhsil məktəblərində dərslər təxirə salınmışdı.

Nazirlik fevralın 8 və 9-da müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar istilik sistemi olmayan məktəblərdə dərslərin kecirilməməsini, məktəbdən uzaqda yaşayan və nəqliyyat problemi olan şagirdlərin dərsə gəlməməsini tövsiyə etmişdi.

Xəbər lenti

Xəbər lenti