Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda 52 ilk peşə ixtisas təhsili müəssisəsinin yataqxanası yoxdur.
Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, hazırda Təhsil Nazirliyinin tabeliyində 106 peşə təhsili müəssisəsi, o cümlədən 45 peşə liseyi, 2 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrindədir.
Hazırda fəaliyyətdə olan ilk peşə ixtisas təhsili müəssisələrindən Bakı şəhərindəki 11 təhsil müəssisəsində (10 lisey və 1 məktəb) 2360, Gəncə şəhərindəki 3 təhsil müəssisəsində
(2 lisey və 1 məktəb) 730, rayonlarda yerləşən 30 təhsil müəssisəsində (19 lisey və 11 məktəb) 8861, İsmayıllı və Qəbələ Peşə Tədris mərkəzlərində 160 sayda yataq yeri olan yataqxanalar var.
Ümumilikdə, ilk peşə ixtisas təhsili müəssisələrinin balansında 12 213 sayda yataq yeri olsa da, bir neçə peşə təhsili müəssisəsinindən başqa onların hamısında məcburi köçkün və qaçqınlar məskunlaşıb. Yalnız İsmayıllı və Qəbələ Peşə Tədris mərkəzlərində, 5 №-li Bakı Peşə Liseyinin balansında olan yataqxanalar 100 faiz təhsil müəssisəsinin istifadəsindədir. Bu və bir neçə digər peşə təhsili müəssisəsinin yataqxanalarında cəmi 346 şagird qalır.