...

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Yasamalda baş verən qətllə bağlı məlumat yayıb

Cəmiyyət Materials 12 Aprel 2012 16:04 (UTC +04:00)
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Yasamalda baş verən qətllə bağlı rəsmi məlumat yayıb.
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Yasamalda baş verən qətllə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Yasamalda baş verən qətllə bağlı rəsmi məlumat yayıb.

Trend-in Baş Prokurorluğun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon sakini Abdullayev İslam Somran oğlunun aprelin 11-də saat 17:00 radələrində yaşadığı mənzildə çoxsaylı kəsici-deşici xəsarətlərlə aşkar edilərək xəstəxanaya yerləşdirilməsi və orada ölməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, rayon Polis İdarəsinin əməkdaşları və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla cinayətin mərhumun tanışı - 1996-cı il təvəllüdlü Dadaşov Əli Ağadadaş oğlu tərəfindən törədilməsi müəyyən edilib.

Belə ki, Dadaşov aprelin 11-də saat 15:00 radələrində İslam Abdullayevin yaşadığı mənzilə gəlib və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla sonuncuya çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dadaşov tutularaq istintaqa cəlb olunub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti