Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan sinoptikləri istirahət günü üçün gözlənilən hava şəraitini açıqlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərə nisbətən yüksələcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub və qərb rayonlarında isə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 22-27,
dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.