Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir M.Əliyev/
Bakı Dövlət Universitetində imtahan zamanı tələbələrin bir-birindən köçürməsi hallarının qarşısını almaq üçün daha çox maarifləndirmə işlərinə üstünlük verilir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Elm və təhsil komitəsinin birgə iclasında BDU-nun rektoru, deputat Abel Məhərrəmov bildirib.
Rektor deyib ki, imtahanlar zamanı tələbələrdən əvvəlcədən köçürməyəcəkləri barədə yazılı zəmanət alınır.
"Onlar imtahana girən zaman köçürməyəcəklərini, qadağan olunmuş köməkçi vasitələrdən istifadə etməyəcəklərini və etdikləri halda universitetdən xaric olunmağa hazır olduqlarını yazıb imzalayırlar. Məhz əvvəlcədən aparılan belə maarifləndirici tədbirlər sayəsində son imtahanlar ərəfəsində təxminən 20 min nəfərdən cəmi 4-5 nəfər universitetdən xaric olunub. Belə halların sayı azalıb", - Məhərrəmov vurğulayıb.
Rektorun çıxışına münasibət bildirən İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev isə deyib ki, rəhbərlik etdiyi universitetdə imtahan zamanı qaydaları pozan tələbələr ancaq imtahanlardan xaric edilir.
"Sizin əksinizə olaraq, biz universitetdən xaric etmirik", - o vurğulayıb.