...

Almaniyalı jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

Cəmiyyət Materials 19 Aprel 2012 18:13 (UTC +04:00)
Bu gün Almaniyanın ölkəmizdə səfərdə olan bir qrup jurnalisti Azərbaycan Mətbuat Şurasında olub.
Almaniyalı jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Bu gün Almaniyanın ölkəmizdə səfərdə olan bir qrup jurnalisti Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qonaqları salamlayaraq bildirib ki, Şura Avropanın bir çox jurnalist qurumları ilə sıx əlaqələrə malikdir və təşkilatın təmsilçiləri müntəzəm olaraq həm qitə, həm də dünya miqyaslı müxtəlif media tədbirlərinə qatılırlar. MŞ sədri Əflatun Amaşovun da hazırda Belçikanın paytaxtı Brüsseldə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak etdiyini deyən Ələsgərli qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib.

MŞ sədrinin müavini Şuranın yaranma zərurətindən, ötən 9 ildəki fəaliyyət istiqamətlərindən ətraflı söhbət açıb, qurumun işinin spesifik cəhətlərinə diqqət çəkib. Ələsgərli MŞ-nin yaradılmasını Azərbaycan cəmiyyətində demokratikləşmənin daha da dərinləşməsinə yönələn islahatların məntiqi nəticəsi kimi dəyərləndirib. Ölkənin bütün aparıcı, müntəzəm yayımlanan və ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri Şuranın üzvləri sırasındadırlar. MŞ-nin qərarlarına, irəli sürdüyü tövsiyələrə riayət öhdəliyini üzərilərinə götürüblər. Qurumun tərkibində Şikayətlər, din, iqtisadiyyat, bölgə mətbuatının problemlərini araşdıran, mətbuatla dövlət qurumları arasında münasibətləri tənzimləyən, "reket jurnalistika"ya qarşı mübarizə komissiyaları var.

Ələsgərli ölkəmizdə son illər media sahəsindəki fəaliyyətin tərkib hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından söhbət açıb.

Almaniya jurnalistlərinin ölkəmizə səfərlərinin "Azadlıq Naminə" Fridrix Nauman Fondu tərəfindən təşkil olunduğunu bildirən FNF-nin Azərbaycan təmsilçisi Səbuhi Qafarov bu missiyanın Almaniya və Avstriya jurnalistlərinin respublikamızla daha yaxından tanışlığa xidmət göstərdiyini söyləyib. O, qonaqların Bakıda keçirdiyi görüşlər barədə məlumat verib. Dialoq şəklində davam etdirilən görüşdə almaniyalı jurnalistlərdən Klaudio Salzenin ("Der Tagesspiegel"), Silvia Stoberin ("Neue Zurcher Zeitung"), Johannes Voswinkelin ("Die Zeit"), həmçinin FNF-nin layihə direktoru Jasemin Pamukun suallarını MŞ İdarə Heyətinin üzvləri cavablandırıblar.

ATƏT-lə Mətbuat Şurasının əməkdaşlıq istiqamətləri ilə maraqlanan qonaqları MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəxtiyar Sadıqov ətraflı məlumatlandırıb: "Bu cür əlaqələr ümumi işə xeyir verən, mətbuat və söz azadlığına xidmət edən addımlardır. Biz 20 ildir, demokratiya yolu ilə irəliləyirik. Bu qısa müddətdə çox işlər görülüb. Lakin demokratiya elə prosesdir ki, başlanğıcı var, sonu yoxdur".

Sadıqov MŞ-nin ATƏT-lə birgə fəaliyyətə daim üstünlük verdiyini vurğulayaraq ötən il hər iki qurumun əməyi nəticəsində diffamasiya ilə bağlı qanun layihəsinin hazırlandığını deyib. Həmçinin vurğulayıb ki, qanunun qəbulu üçün bir sıra problemlər də həllini tapmalıdır. Bunlar isə yenə də söz və mətbuat azadlığının müxtəlif təzahür formasından qaynaqlanır: "Azərbaycanda KİV təsisinə hər zaman böyük axın olub. Qanunların loyallığı sahəyə qeyri-peşəkarların da gəlməsinə şərait yaradıb. Bir sıra qəzetlər sivil media prinsiplərinə zidd maraqları təmin etmək üçün sui-istifadə hallarına yol verirlər. Mətbuat Şurası bu kimi mənfi meyllərlə mübarizə aparır. Çalışırıq ki, mediada məsuliyyət mühiti güclənsin".

MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı diffamasiya ilə bağlı bildirib ki, MŞ yaradılanadək qəzetlərin və jurnalistlərin məhkəmə proseslərinə çəkilməsinə dair faktlar daha çox idi. O, media müstəvisindəki narazılıqların barışıq, danışıq yolu ilə aradan qaldırılmasına üstünlük verildiyini vurğulayaraq bu prosesdə Mətbuat Şurasının mühüm rolunu önə çəkib.

Görüşdə MŞ İdarə Heyətinin üzvlərindən "Ədalət" qəzetinin təsisçisi, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqil Abbas, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas və "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycan və Almaniya jurnalistləri arasındakı əlaqələrin inkişafında belə görüşlərin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, qarşılıqlı təmaslar Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tərəfsiz və qərəzsiz işıqlandırılması baxımından xüsusilə önəmlidir.

Xəbər lenti

Xəbər lenti