...

Nuşirəvan Məhərrəmli: Xarici serialların yayımını dayandırmayanlara qarşı tədbirlər görüləcək

Cəmiyyət Materials 30 Aprel 2012 11:37 (UTC +04:00)
Azərbaycanın televiziya kanallarında mayın 1-dən xarici teleserialların yayımını dayandırmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Nuşirəvan Məhərrəmli: Xarici serialların yayımını dayandırmayanlara qarşı tədbirlər görüləcək

Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın televiziya kanallarında mayın 1-dən xarici teleserialların yayımını dayandırmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bunu bazar ertəsi Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, kanallar serialların dayandırılması hesabına efirlərində yaranan boşluqları doldura biləcəklər.

"Onlar hələ lazım olandan da artıq iş görəcəklər. Bu, onların vəzifə borcudur. Seriallar olmayana qədər kanallar efiri nə ilə doldururdular?", - Məhərrəmli deyib.

MTRŞ sədri bildirib ki, serialların yayımlandığı saatlarda efirlərdə boşluqların yaranmaması, tamaşaçılara keyfiyyətsiz verilişlərin təqdim edilməməsi üçün işlər görülməlidir, müəyyən çəkilişlərə başlamaq lazımdır.

"Bunun üçün iş görmək- serialların çəkilişinə başlamaq lazımdır. Kanallar artıq arxivlərini bir qədər zənginləşdiriblər, yerli seriallar çəkilir. Bunun üçün onlara dövlət tərəfindən vəsait də ayrılıb", - Məhərrəmli əlavə edib.

Onun fikrincə, Azərbaycanın yerli serialları da getdikcə daha keyfiyyətli olacaq. Şura sədrinin sözlərinə görə, xarici seriallar da 10 il bundan əvvəl bu cür keyfiyyətli deyildi. Məhərrəmli hesab edir ki, Azərbaycan da bu yolu seçməli və ortaya keyfiyyətli məhsul qoya bilməsi üçün iş aparmalıdır.

Xəbər lenti

Xəbər lenti