Azərbaycan, Bakı, 12 may /Trend/
Bazar günü Azərbaycanda keçirilən velosiped turunun beşinci mərhələsi və finişi, eyni zamanda mükafatlandırması ilə əlaqədar olaraq səhər saat 09:00-dan 14:00-a qədər paytaxt ərazisindəki bəzi küçə və yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, velosipedçilər Azadlıq meydanından başlayaraq Neftçilər prospekti, Azneft meydanı, Niyazi küçəsi, Sona Vəliyeva, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Şəmsi Bədəlbəyli küçəsi, Bülbül prospekti, Neftçilər prospekti və geriyə istiqamətində on dövrə vuracaqlar.
Bununla əlaqədar olaraq deyilən istiqamətlərdə bütün maşınların hərəkətinə məhdudiyyət qoyulacaq.
Həmçinin qeyd olunan küçələrə kəsişən yollardan səddlər qoyulacaq.
İdarə sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadəyə üstünlük versinlər. İdarə bu istiqamətlərdən hərəkət edənləri mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələrini xahiş edir.
Piyadaların yolların bir tərəfindən digər tərəfinə keçməsinin də qarşısı alınacaq. Ona görə, piyadalar yolu yalnız təyin olunmuş yerlərdə keçməlidirlər.