...

İyunun 10-dan Bakı metrosunun "28 May" stansiyasının əsas çıxışı təmirə bağlanır

Cəmiyyət Materials 1 İyun 2012 11:32 (UTC +04:00)
Bakı Metropoliteni iyunun 10-dan "28 May" stansiyasının əsas çıxışını yenidənqurma işlərinin aparılması ilə əlaqədar bağlayır.
İyunun 10-dan Bakı metrosunun "28 May" stansiyasının əsas çıxışı təmirə bağlanır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni iyunun 10-dan "28 May" stansiyasının əsas çıxışını yenidənqurma işlərinin aparılması ilə əlaqədar bağlayır. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteni rəisinin köməkçisi Məmməd Bayramov bildirib.

"Stansiyanın çıxışının bağlanması barədə qərar artıq qəbul olunub və yenidənqurma işlərinə, eskalatorların dəyişdirilməsinə iyunun 10-dan başlanacaq", - Bayramov deyib.

Onun sözlərinə görə, iş qrafikinə uyğun olaraq, stansiyanın çıxışının yenidənqurmadan sonra sentyabrın birinci ongünlüyündə açılacağı planlaşdırılır.

"Lakin hər şey işlərin sürətindən asılı olacaq. Belə ki, onlar vaxtından əvvəl başa çata və ya sentyabrın sonunadək uzana bilər", - Bayramov qeyd edib.

Bakı Metropolitenindəki başqa mənbənin bir az əvvəl verdiyi məlumata görə, stansiyada işlərin görülməsi üçün bu il dövlət büdcəsində 13 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Stansiyada eskalatorların yeniləri ilə əvəz edilməsi ilə yanaşı, onların sayı 3-dən 4-ə qədər artırılacaq.

Stansiyanın əsas çıxışı istismara verilənə kimi sərnişinlər ikinci çıxışdan, eləcə də "28 May" çıxışı ilə yanaşı "Cəfər Cabbarlı" stansiyasının çıxışından da istifadə edəcəklər.

Xəbər lenti

Xəbər lenti