...

IDEA kampaniyası "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq fotomüsabiqə elan edir

Cəmiyyət Materials 1 İyun 2012 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

2011-ci il iyul ayının 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 5 İyun - Beynəlxalq Ətraf Mühit Günü ilə əlaqədar olaraq uşaqlar və gənclər arasında "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq foto müsabiqə elan edir.

Kampaniyadan Trend-ə verilən məlumata görə, beynəlxalq fotomüsabiqə və müsabiqənin sonunda keçirilməsi planlaşdırılan festival ətraf mühitin bütün nəsillər tərəfindən qorunmasının vacibliyini nümayiş etdirərək, dünyada mövcud olan ətraf mühit məsələlərinə ümumi diqqətin cəlb edilməsini nəzərdə tutur.

"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqə IDEA Kampaniyasının təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza Deqati ilə sıx əməkdaşlıq edərək, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı) və Böyük Britaniyanın "National Geographic" uşaq jurnalının dəstəyi ilə həyata keçirilir.

17 yaşdan kiçik olan hər bir uşaq və yeniyetmə "Mən təbiəti sevirəm və onu çirkləndirməkdən qorxuram" mövzusunu təsvir edən işini təqdim edə bilər.

Müsabiqəyə təqdim olunmuş şəkillər beynəlxalq münsiflər heyəti və məsləhət şurasının üzvləri tərəfindən qiymətləndiriləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif ediləcək və Bakıda 2012-ci ilin oktyabr ayında baş tutacaq festival və sərgidə iştirak etmək hüququ qazanacaqlar.

Layihə ilə əlaqədar əlavə məlumatı kampaniyanın rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.ideacampaign.org

Xəbər lenti

Xəbər lenti