...

Əbülfəs Qarayev: Turistləri Azərbaycana qaytarmağa nail olmaq lazımdır

Cəmiyyət Materials 12 İyul 2012 18:50 (UTC +04:00)
Azərbaycanda turizm obyektlərinin göstərdiyi xidmətlərin səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaqla hər bir qonağı ölkəmizə qaytarmağa nail olmaq lazımdır.
Əbülfəs Qarayev: Turistləri Azərbaycana qaytarmağa nail olmaq lazımdır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm obyektlərinin göstərdiyi xidmətlərin səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaqla hər bir qonağı ölkəmizə qaytarmağa nail olmaq lazımdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun (ATİ) 3-cü məzun buraxılışı mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, kadr hazırlığı turizm sənayesi üçün ən əhəmiyyətli yer tutur.

"Artıq 3-cü dəfədir ki, bu institut məzun buraxılışı həyata keçirir. Bu gün ATİ-də həm bakalavriat, həm magistratura, həm də doktorantura üzrə tədris planları həyata keçirilir. ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. ATİ-nin məzunları artıq dünyanın bütün yerlərində diplomları tanınaraq işə qəbul oluna bilərlər", - nazir qeyd edib.

O bildirib ki, artıq bır sıra xarici ölkələrin də tələbələri ATİ-də təhsil alırlar.

Nazir ATİ-nin məzunlarının turizmin inkişafı üçün var qüvvələri ilə çalışacaqlarına əminliyini də bildirib.

ATİ-nin rektoru Cəfər Cəfərov isə deyib ki, institut ölkə başçısı İlham Əliyevin 2005-ci ilin 25 avqustunda verdiyi fərmanla yaradılıb.

Hazırda ATİ-də bakalavriat səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və beşulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlayıb. 2010-2011-ci tədris ilindən etibarən ATİ-də magistratura səviyyəsində 3 ixtisas üzrə 19 tələbə təhsil almağa başlayıb. Hazırda bu təhsil səviyyəsi üzrə 41 nəfər təhsilini davam etdirir. 2011-2012-ci tədris ilindən etibarən isə institutda doktoranturaya qəbul başlayıb. Hazırda ATİ-də 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktoru üzrə təhsil alır.

Cəfər Cəfərov deyib ki, son 2 ildə ATİ-də məzun olanların sayı 288 nəfərdir.

Qeyd edək ki, Əbülfəs Qarayev tədbirdə Avstriya hökumətinin "Qızıl" medalı ilə təltif edilib. Mükafatı nazirə Avstriya hökuməti adından həmin ölkənin Azərbaycandakı səfiri təqdim edib. Mükafat nazirə iki ölkə arasında turizm sahəsi üzrə ikitərəfli əlaqələrin inkişafına töhfəyə görə verilib.

Xəbər lenti

Xəbər lenti