...

Azərbaycanın qədim tarixinə aid yeni kitab nəşr edilib

Cəmiyyət Materials 19 İyul 2012 17:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” (2010) kitabı ABŞ-ın Nyu-York şəhərində ingilis dilində, Rusiyanın Moskva şəhərində isə rus dilində nəşr edilib.
Azərbaycanın qədim tarixinə aid yeni kitab nəşr edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)" (2010) kitabı ABŞ-ın Nyu-York şəhərində ingilis dilində, Rusiyanın Moskva şəhərində isə rus dilində nəşr edilib.

Akademiyanın Tarix İnstitutundan cümə axşamı Trend-ə verilən məlumata görə, 6 fəsildən ibarət olan bu kitabda Ağqoyunlu və Səfəvi dövlətinə aid 600-dən çox müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilib. Kitabda Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyəti, Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, bu əlaqələrdə iqtisadi və xarici siyasi amillərin rolu, XV əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində Azərbaycan - Avropa münasibətləri, dövrün beynəlxalq əlaqələri və digər məsələlər öz əksini tapıb.

Kitab dünyanın ingilis və rusdilli oxucularını Azərbaycan tarixinin parlaq səhifələri ilə tanış edir. Kitabın sonunda verilmiş 8 xəritə Azərbaycanın tarixi dövlətlərinin sərhədlərini göstərir.

Uzun illərin araşdırmalarının nəticəsi olan bu xəritələr Azərbaycanın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır. Kitabdakı xəritələrdə, həmçinin tarixi həqiqət aşkara çıxarılaraq Nadir şah Əfşarın, Səfəvi hökmdarı I Şah Abbasın dövründə ölkənin sərhədləri göstərilib və bu görkəmli tarixi şəxsiyyətlərin Azərbaycan hökmdarları olduğu sübut olunub. Kitabda Azərbaycan tarixinə dair "Azərbaycan XV əsrdə", "Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468)", "Azərbaycan Ağqoyunlu dövləti (1468-1501)", "Azərbaycan Səfəvilər dövləti (I Şah İsmayılın hakimiyyəti dövrü, 1501-1524)", "Azərbaycan Səfəvilər dövləti (I Şah Təhmasibin hakimiyyəti dövrü, 1524-1576)", "Azərbaycan Səfəvilər dövləti (I şah Abbas və onun xələflərinin hakimiyyəti dövründə, 1587-1736 )", "Azərbaycan hökmdarı Nadir şah Əfşarın imperiyası (1736-1747)" xəritələri verilib.

Kitabda əvvəlki tarixi dövrlərdəki ərazilərimizlə müqayisə etmək məqsədilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilib, ermənilər tərəfindən işğal olunmuş Qarabağdakı rayonlarımızın əraziləri də əks olunub.

Xəbər lenti

Xəbər lenti