Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bu ilin I yarısında Azərbaycanda 449 986 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 9116-sı nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 47 440-ı müəyyən olunmuş sürət həddinin aşılması, 6089-u ötmə qaydalarının pozulması, 15 989-u yolayrıcılarının keçilməsi qaydalarının pozulması, 2548-i sərnişindaşıma qaydalarının pozulması ilə bağlı olub.
Yol hərəkəti qaydalarının pozuntusuna görə hesabat dövründə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Bu müddətdə respublika ərazisində 1278 yol qəzası qeydə alınıb, nəticədə 436 nəfər həlak olub, 1361 nəfər yaralanıb.
Bakı şəhəri ərazisində 532 yol qəzası qeydə alınıb və bunların nəticəsində 147 nəfər həlak olub, 584 nəfər yaralanıb.
Respublika üzrə qeydə alınmış yol qəzalarının 85,4 faizi sürücülərin qayda pozmaları, o cümlədən 26,8 faizi nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,8 faizi ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,2 faizi yolayrıcılarını keçmə qaydalarının pozulması, 3,4 faizi nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Qəzaların 36,5 faizini piyadaların vurulması təşkil edib, nəticədə 148 piyada həlak olub, 352-si yaralanıb. 132 qəza piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.
Respublika üzrə qeydə alınmış qəzalar nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olub, 97 nəfər yaralanıb.
Ümumiyyətlə, qeydə alınmış yol qəzaları nəticəsində həlak olmuş 436 nəfərdən 352-si kişilər, 84-ü qadınlar, xəsarət alan 1361 nəfərdən isə 1059-u kişilər, 302-si qadınlar olub.
Hesabat dövründə respublika ərazisində 4 nəfərin ölümü və 39 nəfərin yaralanması ilə nəticələnmiş 41 yol qəzası bağlı qalıb.
Bu ilin birinci yarımili ərzində aparılan yoxlamalar nəticəsində 692 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.