...

Bu il daxili işlər orqanları axtarışda olan 1053 nəfəri saxlayıb

Cəmiyyət Materials 31 İyul 2012 16:54 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci yarısında daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1,5 faiz azalıb.
Bu il daxili işlər orqanları axtarışda olan 1053 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci yarısında daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1,5 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Vilayət Eyvazov Daxili İşlər Nazirliyində bu ilin 6 ayının nəticələrinə həsr olunmuş kollegiya iclasında çıxışında deyib.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, qəsdən adam öldürmə və ona cəhdlər 3,8, odlu silahın tətbiqi ilə törədilənlər 15,9, quldurluqlar 33,3, soyğunçuluqlar 3,5, oğurluqlar 18,4, cibgirliklər 28, yol-nəqliyyat hadisələri 6,3 faiz azalıb.

Həmçinin, yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 7,2 faiz, qrup halında baş verən cinayətlər 5,8 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qrupların törətdiyi cinayətlər 25,3 faiz az olub.

Nazir müavini vurğulayıb ki, bütün uçot subyektləri üzrə 11.953 cinayət qeydə alınıb və onların 95 faizi (11.343-ü) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Təsnifatına görə həmin cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlib, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olub.

Bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlərin açılması 7,5 faiz, qəsdən adam öldürmələrin açılması 8,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 12,5 faiz, quldurluqların açılması 4,9 faiz, soyğunçuluqların açılması 8,1 faiz, oğurluqların, o cümlədən cibgirliklərin açılması, müvafiq olaraq, 10,2 və 14,3 faiz, bütövlükdə, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,5 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb.

Vətəndaşlar 2000-dən çox cinayətin açılmasında yaxından iştirak ediblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1030 nəfəri birləşdirən 396 cinayətkar qrup, eləcə də 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 55 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınıb və bu işin göstəricisi 2,8 faiz yaxşılaşaraq hesabat dövründə 51,2 faiz təşkil edib.

Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilib.

Hesabat dövründə qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

"Xaş-xaş" əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 fakt aşkarlanıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib.

Bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanıb və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əskinas çıxarılıb.

Xəbər lenti

Xəbər lenti