...

Azərbaycanda yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi ÜTT-yə təqdim edilib

Cəmiyyət Materials 20 Avqust 2012 12:13 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanmış "Turizm haqqında" qanun layihəsi təhlil üçün Ümumdünya Turizm Təşkilatına təqdim edilib.
Azərbaycanda yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi ÜTT-yə təqdim edilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni hazırlanmış "Turizm haqqında" qanun layihəsi təhlil üçün Ümumdünya Turizm Təşkilatına (ÜTT) təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu təşkilatın tövsiyə və rəylərini aldıqdan sonra layihə Azərbaycanın müvafiq qurumlarına təqdim ediləcək.

Layihə turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanıb. "Turizm haqqında" yeni qanun layihəsi fevralın 6-dan 30 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunub.

Layihədə turizm sahəsinin inkişafına təkan verən bir sıra yeniliklər öz əksini tapıb. Layihədə təklif edilib ki, ölkədə fəaliyyəti lisenziyalaşdırılmış turizm təşkilatçısı kimi turoperatorlar yaradılsın. Turoperatorlar turizm məhsulunu hazırlayacaq, onun təqdim edilməsini birbaşa və ya turagent vasitəsilə həyata keçirəcəklər.

Layihədə Azərbaycanda Dövlət Turizm Reyestrinin yaradılması da təklif edilir. Bu reyestrə turizm ehtiyatlarının statusu, turizm ehtiyatlarının coğrafi durumu və sərhədləri, rekreasiya əhəmiyyətli obyektlər, turizm fəaliyyəti üçün lisenziya almış şəxs, attestasiyadan keçmiş tur (ekskursiya) rəhbəri və ya bələdçi-tərcüməçi barədə məlumatlar və s. daxil ediləcək.

Layihədə həm də Azərbaycandan xarici ölkələrə gedən turistlər üçün səyahət sığortasının yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti