...

Xarici ölkələr Azərbaycan kinoloqlarının təcrübəsi ilə maraqlanır

Cəmiyyət Materials 11 Sentyabr 2012 15:28 (UTC +04:00)
Bir sıra xarici ölkələr Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Xidmətinin təcrübəsi ilə maraqlanmağa başlayıblar.
Xarici ölkələr Azərbaycan kinoloqlarının təcrübəsi ilə maraqlanır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Axundov/

Bir sıra xarici ölkələr Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Xidmətinin təcrübəsi ilə maraqlanmağa başlayıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DGK sədri Aydın Əliyev deyib.

"Hazırda Azərbaycan bu sahədə digər ölkələrə kömək edir. Məsələn, bu yaxınlarda Makedoniyanın Gömrük Xidməti olduqca uğurlu əməliyyat keçirib. Əməliyyat zamanı Azərbaycan Kinoloji Xidmətinin hədiyyə etdiyi xüsusi təlim görmüş it 16 kiloqram heroin aşkar edib. Bundan sonra Makedoniya tərəfi DGK-ya daha iki iti hazırlamaq xahişi ilə müraciət edib. Bundan başqa, daha iki it Qırğızıstan Gömrük Komitəsi üçün hazırlanıb", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, DGK-nın Kinoloji Xidməti tərəfindən hazırlanan itlər Bolqarıstan və bir sıra ölkələrdə uğurla işləyirlər.

"Azərbaycan, öz növbəsində, bu sahədə digər ölkələrin təcrübəsini öyrənməkdə davam edir. Bu məqsədlə nümayəndə heyətimiz Avstriya, Argentina və digər ölkələrdə olublar", - Əliyev vurğulayıb.

Bazar ertəsi Bakıda MDB iştirakçı dövlətlərinin gömrük strukturlarının kinoloji xidmətlərinin birinciliyi başlayıb. Birincilik sentyabrın 14-dək davam edəcək.

Azərbaycan kinoloqları yarışa "Daşa" və "Muxtar" adlı itlərlə qatılıblar.

"Gömrüyün əsas fəaliyyət istiqamətlərindən biri qaçaqmalçılıq, xüsusən, narkotrafiklə mübarizədir. Çünki narkotik vasitələr təkcə əhalinin sağlamlığı üçün təhlükə törətmir, eyni zamanda, narkobiznes terror strukturları üçün maliyyə qaynağıdır. Belə şəraitdə Kinoloji Xidmətin səmərəli işinin rolu artır. Azərbaycanın Kinoloji Xidməti 1990-cu illərin ortalarında yaradılıb, Kinoloji Mərkəz isə 2003-cü ildə fəaliyyətə başlayıb", - Əliyev yarışın açılış mərasimində deyib.

Xəbər lenti

Xəbər lenti