...

Ombudsman prokurora müraciət edib

Cəmiyyət Materials 26 Sentyabr 2012 15:41 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, təcridxanada saxlanılan Nigar Yaqublu ilə söhbət zamanı o, saxlanılma şəraiti və onunla rəftardan şikayət etməyib.
Ombudsman prokurora müraciət edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmanın nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olublar.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, təcridxanada saxlanılan Nigar Yaqublu ilə söhbət zamanı o, saxlanılma şəraiti və onunla rəftardan şikayət etməyib.

Yaqublu vəkilləri ilə görüş üçün ona lazımi şərait yaradıldığını, onun üçün gətirilən qəzetlərin alınmasında problem olmadığını bildirib.

Ombudsmanın nümayəndələri onun saxlanıldığı kameraya baş çəkib və saxlanılma şəraiti ilə tanış olublar. Yaqublu ailəsi ilə görüş üçün işi aparan müstəntiqə müraciətlərinin nəticəsiz qaldığını bildirib və bu məsələnin həllində yardımçı olmağı xahiş edib.

Əvəz Zeynallı ilə söhbət zamanı o, istintaq təcridxanasında saxlanılma şəraiti və rəftarla bağlı probleminin olmadığını bildirib. Eyni zamanda, Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin gözləmə otağının şəraitindən narazılığını bildirib.

Yaqublunun ailəsi ilə görüşməsi üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq imkan yaradılması məqsəd ilə ombudsman Abşeron rayon prokuroruna müraciət edib.

Eyni zamanda, müvəkkil Milli Preventiv Mexanizm qrupuna tapşırıb ki, yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumların gözləmə otağına başçəkmə həyata keçirsin.

Xəbər lenti

Xəbər lenti