...

Elsevər Ağayev: Azərbaycanda şirkətlər həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidir

Cəmiyyət Materials 27 Sentyabr 2012 12:59 (UTC +04:00)
Azərbaycanda dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidirlər.
Elsevər Ağayev: Azərbaycanda şirkətlər həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər yeni dərmanlar dövlət qeydiyyatından keçibsə, onlar həkimlərə tanıdılmalıdır. Amma dərman şirkətlərinin nümayəndələri bunun üçün ayrı-ayrı həkimlərin qəbuluna bir-bir getməli deyillər.

"Bu, xəstəxanalarda həkimlər üçün keçirilən 5 dəqiqəlik iclaslarda olmalıdır. Ancaq bu da sivil şəkildə həyata keçirilməlidir", - Ağayev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda 3600-dən artıq dərman dövlət qeydiyyatından keçib.

O, xatırladıb ki, iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə gətirilməsi qadağan edilib.

"İçlik vərəqələri dərman qeydiyyatdan keçən zaman nazirliyin xüsusi qrupu tərəfindən korreksiya olunur. Yalnız bundan sonra təsdiq edilir. Söz yox ki, vərəqələrdə hansısa səhvlər ola bilər", - nazir müavini qeyd edib

Ağayev bildirib ki, əvvəl Azərbaycanın dərman bazarında bir qədər pərakəndəlik var idi. Buna görə də, qeydiyyatsız dərmanlar ölkəyə yol tapa bilirdilər.

"İndi isə qeydiyyat keçməmiş dərmanların ölkəyə gətirilməsinə görə Cinayət Məcəlləsinə də maddələr əlavə olunub. Bu da, söz yox ki, işbazların, çanta ilə dərman gətirənlərin əl-ayağını bağlayıb. Sevinmək lazımdır ki, artıq qeydiyyatdan keçməyən, sertifikatı olmayan dərman preparatları ölkənin dərman bazarına yol tapa bilmir", - o, deyib.

Xəbər lenti

Xəbər lenti