...

Vaşinqtonda 20 Yanvar şəhidlərini xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2013 06:48 (UTC +04:00)
20 Yanvar qurbanlarının xatirəsini anmaq üçün yanvarın 18-də Azərbaycanın Vaşinqton şəhərindəki səfirliyində mərasim təşkil olunub.
Vaşinqtonda 20 Yanvar şəhidlərini xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

20 Yanvar qurbanlarının xatirəsini anmaq üçün yanvarın 18-də Azərbaycanın Vaşinqton şəhərindəki səfirliyində mərasim təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Qara Yanvar hadisələrinin 23-cü ildönümünü qeyd etmək məqsədilə bir araya gəlmiş mərasim iştirakçıları 1990-cu ilin soyuq yanvar günlərində Bakı və eləcə də ölkəmizin müxtəlif bölgələrində azadlıq və müstəqillik naminə mübarizlik nümayiş etdirmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və ruhlarının şad olmasını diləmişlər.

Mərasimdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 23 il öncə cərəyan etmiş tarixi hadisələrə nəzər salaraq, Sovet imperiyasının süqutunu surətləndirmiş Qara Yanvar faciəsinin milli-mənəvi dirçəlişimiz baxımından daşıdığı əhəmiyyətdən danışmış və həmin günlərdə yaşadığı hisləri bölüşmüşdür. O, bu mənada Moskva şəhərində tələbəçilik illərinə təsadüf etmiş həmin hadisələrin keçmiş SSRİ və eləcə də beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə İttifaqın paytaxtında digər soydaşlarımızın səfərbər olunması sahəsində aparılmış fəaliyyətləri xatırlamış və xüsusilə canlı şahidi olduğu, Ümummilli lider Heydər Əliyevin vətənimiz üçün taleyüklü günlərdə göstərdiyini sarsılmaz iradə və əzmkarlıqdan bəhs edərək, onun Moskvadan Azərbaycan xalqı və dünya ölkələrinə səsləndirdiyi müraciətin insanlarımıza verdiyi mənəvi dəstəyi qeyd etmişdir.

Daha sonra tədbirə toplanmış ABŞ-da yaşayan həmvətənlərimiz və ölkəmizə xoş münasibət bəsləyən yerli ictimaiyyətin nümayəndələri qarşısında Azərbaycan diasporunun fəal üzvləri olan Həbib Azərsinan və Qədir Şirəliyev çıxış edərək, müasir tariximizin qanlı, qanlı olduğu qədər də şərəfli səhifəsinə dair fikirlərini bildirmiş və milli həmrəyliyimizin mühüm elementlərindən olan Qara Yanvarın azadlıq və müstəqilliklə köklənmiş mübariz düşüncəmizin formalaşmasında yaratdığı dönüşü vurğulamışlar.

Tədbirin sonunda iştirakçıların həmin günlərə dair xatirələrini yeniləmək üçün 1990-cu ilin yanvarında Bakının küçə və meydanlarında lentə alınmış və Qara Yanvar hadisələrini tarixə həkk etdirmiş fotoşəkillər nümayiş olunmuşdur.

Xəbər lenti

Xəbər lenti