...

UAGB 20 Yanvar şəhidlərinin xatirəsini "Ülviləşən Mübariz" devizi altında yad ediblər (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2013 13:34 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi ənənəyə uyğun olaraq 20 Yanvar şəhidlərinin xatirəsini "Ülviləşən Mübariz" devizi altında yad ediblər.
UAGB 20 Yanvar şəhidlərinin xatirəsini "Ülviləşən Mübariz" devizi altında yad ediblər (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyi ənənəyə uyğun olaraq 20 Yanvar şəhidlərinin xatirəsini "Ülviləşən Mübariz" devizi altında yad ediblər.

UAGB-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan diasporunun, o cümlədən bir sıra Ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasımi Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar Tahirov açaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb. Qeyd edib ki, anım mərasiminin "Ülviləşən Mübariz" devizi altında keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir.

Anım Mərasimdə Azərbaycan səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanov çıxış edərək totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq arenaya çatdırılmasında və bu faciəyə hüquqi siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Tədbirdə 20 Yanvar əlili Anatoli Federenko çıxış edərək, müasir silahlarla silahlanmış sovet ordusunun dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirtdiyi bəşəri cinayətin canlı şahidi olduğunu soyləyib. Həmin gecə ayağından yaralandığını xatırladan Federenko əli Azərbaycan xalqının qanına batan Mixail Qarbaçovu və o zamankı sovet rəhbərliyini qəddar cani adlandırıb. Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresi adından Rövşən Tağıyev, SOCAR-ın Ukrayna nümayəndəliyi adından Həzi Aslanov, UAGB adından Əzizə Tərlanova, Ramin Hüseynov və digər gənclər çıxış edərək aradan 23 il ötməsinə baxmayaraq faciəni törədənlərin hələ də cəzalandırılmamasını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Öz qanları ilə Azərbaycan dövlət müstəqilliyinin şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar. Anım mərasimində Ukraynada Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə təsis olunmuş "Gənc Mübariz" fəxri diplomları təqdim olunub.

Tədbirin sonunda mərasim iştirakçıları qanlı yanvar gecəsini özündə əks etdirən sərgi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti