Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Ötən il Azərbaycanda müxtəlif cinayətlər törətmiş 12 526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulub. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22 faiz azalıb. Nazir deyib ki, ötən il qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əskinas çıxarılıb.
Usubovun sözlərinə görə, narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılıb, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilib, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Nazir deyib ki, yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14 faiz çox və ya 1 021 122 inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 11 591 avtomobil, avtoxuliqanlığa görə 503 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2012-ci ildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş 31,5 milyon manata yaxın cərimədən 99 faizi ödənilib. Hesabat dövründə ilkin qeydiyyata 102 780 avtomobilin alınması və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1 144 036-ya yüksəlməsi fonunda respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalıb. Qəzalarda ölənlərin sayı 15 faiz və ya 152 nəfər artıb, yaralananların sayı 1 faiz, yaxud 34 nəfər azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb.