Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir T.Cəfərov/
İranın Mazandaran əyalətinin başçısı Əli Əkbər Tahayi ölkənin şimal əyalətlərindən (Mazandaran, Gilan və Gülüstan) Bakıya aviareyslərin açılması və uçuşların həyata keçirilməsini təklif edib. Trend ISNA agentliyinə istinadən məlumat verir ki, Tahayi bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovla görüşündə deyib.
Tahayi bildirib ki, Sari, Rəşt və Qorqan şəhərlərindən Bakıya uçuşların həyata keçirilməsi iki ölkə arasında ticari əlaqələrin inkişafına təkan verə bilər.
O deyib ki, Azərbaycan ehtiyacı olan bir çox məhsulları İranın şimal əyalətlərindən daha ucuz qiymətlərə əldə edə bilər.
Tahayi azərbaycanlı tacirləri Mazandaran əyalətində investisiya yatırmağa dəvət edib.