Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/
2012-2013-cü tədris ilində peşə liseylərinin 1441 nəfər məzunu attestat ala bilməyəcək. Bunu çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
Onun sözlərinə görə, martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirdiyi buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər isə riyaziyyatdan "iki" qiyməti alıb. İmtahanda iştirak edən 4675 şagirdin yalnız 4 nəfəri ana dilindən "beş" alıb. Riyaziyyatdan isə "beş" qiyməti alan olmayıb. Şagirdlərin 84 nəfəri ana dilindən, 96 nəfəri riyaziyyatdan "dörd", 3663 nəfəri ana dilindən, 3751 nəfəri riyaziyyatdan "üç" qiyməti alıb.
Nağızadə bildirib ki, buraxılış imtahanı verən Azərbaycan bölməsinin məzunları ana dili və riyaziyyat fənlərinin hər birindən 0-4 suala düzgün cavab verdikdə "iki", ana dilindən 5-16, riyaziyyatdan 5-15 suala düzgün cavab verdikdə "üç", Ana dilindən 17-25, riyaziyyatdan 16-25 suala düzgün cavab verdikdə "dörd", ana dilindən 26-30, riyaziyyatdan 25-30 suala düzgün cavab verdikdə "beş" qiyməti alıblar. Rus bölməsinin məzunları üçün riyaziyyat fənni üzrə düzgün cavab verməsi tələb olunan sualların sayı elə Azərbaycan bölməsində olduğu kimidir. Ancaq ana dilindən 0-4 suala düzgün cavab verənlər "iki", 5-16 suala düzgün cavab verənlər "üç", 17-24 suala düzgün cavab verənlər "dörd", 25-30 suala düzgün cavab verənlər isə "beş" qiyməti alıblar.